“Əməkdaşlığımız bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək”

 

Xəbər verdiyimiz kimi, fevralın 21-də Azərbaycanla Fransa arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi tamam olub. Bu münasibətlə Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın dövlət başçısına, Azərbaycan Prezidenti İlham Əliyev də Fransanın dövlət başçısına təbrik məktubu göndərib.

Prezident Makron məktubunda Prezidenti İlham Əliyevə təbriklərini ünvanlayaraq ümidvar olduğunu bildirir ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcək. Qeyd olunur ki, ötən illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qura bilmişlər.

Məktubda vurğulanır ki, Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır.

“Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.

Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa İttifaqı Şurası sədrinin yanında apardığınız son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm”, – deyə Emmanuel Makron məktubunda qeyd edir.

O, həmçinin bildirib ki, Fransa Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və 15 dekabr 2021-ci ildə Brüsseldəki Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır: “Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir”.

***

Prezident İlham Əliyev təbrik məktubuna görə həmkarına təşəkkürünü bildirərək, öz növbəsində Prezident Makrona və Fransa xalqına bu əlamətdar tarix münasibətilə ən xoş arzularımı çatdırıb.

Məktubda qeyd olunur ki, 1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışıb.

“Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir” – deyə məktubda vurğulanır.

Prezident İlham Əliyev məktubunda diqqətə çatdırır ki, müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Otuz il sürən təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq üçün imkanlar yaradıb: “Bu baxımdan nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük iqtisadi perspektivlər vəd edir. Hesab edirəm ki, Avropa İttifaqının hazırkı sədri qismində Fransanın təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və apardığımız danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan açmışdır”.

Məktubda daha sonra deyilir: “Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”.

Bildirir ki, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndirir.

Məktubda həmçinin vurğulanır ki, Azərbaycan, UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq, təşkilatın missiyasını öz ərazisində qəbul etmək niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan edib: “UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq”.