Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki R.Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin şagirdi, pianoçu, Prezident təqaüdçüsü Cəmil Sədizadə növbəti uğuruna imza atıb.

Yeniyetmə musiqiçi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə şəhərində onlayn təşkil edilən II Beynəlxalq fortepiano müsabiqəsinin laureatı adını qazanıb.

Füceyrə Gözəl Sənətlər Akademiyasının təşkil etdiyi müsabiqəyə 20-dən çox ölkədən musiqiçilər qoşulub. 13 yaşlı Cəmil 14-17 yaş arası iştirakçılar arasında “Gənc musiqiçi” nominasiyasında laureat olub. O, müsabiqədə Bethoven və Şopenin əsərlərini ifa edib.

Qeyd edək ki, R.Hacıyev adına 15 nömrəli Musiqi məktəbində Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Cəmil Sədizadə bundan əvvəl ölkəmizlə yanaşı İspaniya, Estoniya, Bolqarıstan, Gürcüstan və Rusiyada keçirilən beynəlxalq müsabiqələrdə birincilik qazanıb.

Lalə