M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “10 mart – Milli Teatr Günü” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Sərgi ilə bağlı məlumatda qeyd olunur ki, Azərbaycan  milli  teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır.

XIX əsrin ortalarında Azərbaycanın müxtəlif bölgələrində həvəskar teatr tamaşaları göstərilsə də, milli teatrın yaranma tarixi 1873-cü ilin martın 10-u və aprelin 17-də Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnəyə qoyulması ilə bağlıdır. Bakı realnı məktəbinin müəllimi Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü, Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə şagirdlərin göstərdiyi bu tamaşalarla tarixinin ilk səhifələrini yazan Azərbaycan teatrı daha sonra dövrün görkəmli ziyalılarının fəaliyyəti nəticəsində ölkənin mədəni həyatına yeni ab-hava gətirdi.

Məlumatda həmçinin Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı diqqətə çatdırılır.

Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Keçid: http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm