Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 11 nömrəli filialında Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə MKS-nin əməkdaşları və kitabxana filiallarının müdirləri, Balaxanı kəndinin ziyalıları və məktəbliləri iştirak ediblər.

11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.

Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına təşəkkür edərək belə görüşlərin oxucular və şagirdlər üçün əhəmiyyətindən danışıb. Xalq şairi Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun 30 illik Qarabağ həsrətimizə son qoyması, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, oxucuların və məktəblilərin suallarını cavablandırıb.

Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.