Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada görüşüblər. Görüş martın 12-də Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, bu, iki ölkə arasında xüsusi nümayəndələr səviyyəsində təmaslardan sonra nazirlər səviyyəsində keçirilən ilk görüşdür.

Mövlud Çavuşoğlu mediaya açıqlamasında erməni həmkarı ilə məhsuldar və konstruktiv görüş keçirdiklərini bildirib: “Prezident Ərdoğan və baş nazir Paşinyanın müsbət mesajlarından sonra xüsusi nümayəndələrimizi təyin etdik. Xüsusi nümayəndələrimiz iki dəfə – Moskvada və Vyanada görüşüblər. Görüşlərdə münasibətlərimizin tam normallaşması üçün atılacaq addımları da müzakirə etdilər...”.

Türkiyə XİN başçısı diqqətə çatdırıb ki, Türkiyə və Ermənistan arasında atılan addımlar və normallaşma prosesindən Azərbaycan da məmnundur. “Ən son ötən şənbə günü (5 mart – red.) Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regionda sabitlik və sülh hamımızın xeyrinədir. Xarici işlər naziri (Ararat Mirzoyan – red.) ilə də bu məsələdə razılığa gəlmişik. Bu istiqamətdə addımlar atmağa davam edəcəyik...”, – deyə Mövlud Çavuşoğlu bildirib.

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib. "Mən optimist yox, realist olmağa çalışıram. İnanıram ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəyəcək...", – deyə XİN başçısı vurğulayıb.