“Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik...”


Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının martın 11-də Bakıda keçirilən 15-ci iclasında təkcə iki qonşu ölkənin münasibətləri baxımından deyil, ümumilikdə regional əməkdaşlıq üçün əhəmiyyət kəsb edən razılaşmalar əldə olunub.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən iclasda 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 30 faiz artdığı, eləcə də avtomobil daşımalarının həcminin əhəmiyyətli dərəcədə – 70 faiz artdığı xüsusi vurğulanıb.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunularaq həm Azərbaycanın, həm də İranın bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində böyük səylər göstərdiyi bildirilib. Eyni zamanda, bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamalarından məmnunluq ifadə olunub. Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

İclasda İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Buna nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının protokolu imzalanıb.

***

Azərbaycanla İran arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumuna əsasən, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvanı arasında yeni yolun uzunluğu 50-55 km olacaq. Baş nazirin müavini Şahin Mustafayev bunu jurnalistlərə açıqlamasında deyib.

Şahin Mustafayev qeyd edib ki, yol üzərində iki körpü inşa ediləcək. Körpülərin birini Azərbaycan, digərini isə İran inşa edəcək: “Müvafiq infrastruktur yaratmaqla tərəflər hər biri öz ərazisindən avtomobil yollarının tikintisini, təmir bərpasını genişləndirməklə həyata keçirəcəklər. Bu yol Zəngəzur dəhlizinin qolu kimi Ağbənddən sola dönəcək, Araz çayı üzərindən körpü tikiləcək və təxminən 50 km gedəndən sonra Ordubad rayonunun Kotan kəndi səmtində Azərbaycan ərazisinə, yəni Naxçıvana çatacaq. Bu daha dəqiq bir ay ərzində müəyyənləşəcək. Təxminən 50-55 km-lik yol olacaq... Eyni zamanda, hesab edirik ki, bu yol təkcə lokal məqsədlərə deyil, böyük tranzit imkanlarına malik olacaq”.

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandumun regional əhəmiyyətini qeyd edib.

Hikmət Hacıyev deyib: “Quru və dəmir yolları, eyni zamanda, elektrik xətləri də daxil olmaqla yeni bir layihənin əsası qoyulub. Bu, Türkiyə, İran və Azərbaycanı birləşdirən dəhlizdir. Bu, eyni zamanda Avrasiyada yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək. Təbii ki, bundan bizim ölkələrimiz qazandı. Bəs qazanmayan kim oldu? Ermənistan! Yəni, Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik. Azərbaycan bu pozitiv gündəliyini bundan sonra da davam etdirəcək...”.