Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Xatirələrdə qalan oyuncaqlar” adlı uşaq yaradıcılıq müsabiqəsi başa çatıb.

Müsabiqənin müvafiq yaş qrupları üzrə yekun sərgiləri 11,12,14 və 15 mart tarixlərində Xətai Sənət Mərkəzində keçirilib. Müsabiqədə ümumilikdə 900-dən çox müəllifin hər birindən 1 əsər sərgilənmək üçün seçilib.

İlk sərginin açılışında Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müsabiqənin əhəmiyyətindən danışıb, uğur qazanan iştirakçıları təbrik edib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov müsabiqə və sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi çərçivəsində müsabiqənin fəal iştirakçısı olan məktəb, lisey və dərnəklər təşəkkürnamə ilə təltif olunublar.