Martın 12-də Abdulla Şaiqin Mənzil-Muzeyi və Nizami rayonu 328 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş “Gözəl Bahar” adlı tədbir gerçəkləşib.

Muzeyin direktoru Ülkər Talıbzadə iştirakçıları salamlayaraq bildirib ki, Abdulla Şaiq yaradıcılığında yazın gəlişi, bahar mövzusuna xüsusi yer ayırıb. Ədib uşaq ədəbiyyatında ilk dəfə dram janrına müraciət edərək balaca oxucular üçün “Gözəl Bahar” pyesini yazıb və bununla da uşaq dramaturgiyasının əsasını qoyub.

Səhnəciklərin nümayişindən sonra muzeyin kiçik elmi işçisi Məmmədli Elminaz “Abdulla Şaiq və bahar” mövzusunda məruzə ilə çıxış edib. O, Novruz bayramının tarixi, yaz-bahar mövzusunun Azərbaycan ədəbiyyatında yeri, eləcə də Şaiqin baharı necə vəsf etməsi haqqında danışıb. Bildirib ki, yaz fəsli onun yaradıcılığında əsl təbiət hadisəsi kimi – yaşıl otların, torpağın, axan suların cana gəlməsi, ağacların çiçəklənməsi şəklində canlandırılır.

Məruzədən sonra məktəblilər şeirlər söyləyib, ədibin “Tıq-tıq xanım” mənzum nağılı və “Danışan gəlincik” pyesi əsasında hazırladıqları tamaşaları nümayiş etdiriblər.

Bayram tədbiri valideynlər və məktəblilərin ifasında “Yallı” rəqsi ilə başa çatıb.