Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası növbəti “Muğam” Televiziya Müsabiqəsinə sənəd qəbulunu elan edib. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə (yaşı 13-dən 16-ya qədər oğlanlar istisna olmaqla) və gənclər dəvət olunurlar. Sənəd qəbulu fevralın 28-dən başlayıb və martın 28-nə kimi davam edəcək. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Bölgələr üzrə seçim turları Naxçıvan, Bərdə, Gəncə, Sabirabad, Xaçmaz, İsmayıllı, Şəki və Lənkəranda keçiriləcək.

Müsabiqə mayın 10-da başlayacaq və həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) AzTV-də canlı yayımlanacaq. Müsabiqənin keçiriləcəyi əsas məkan Beynəlxalq Muğam Mərkəzidir. Sonrakı mərhələlərdə bölgələrdə də keçirilə bilər.

Yarışmanın münsiflər heyətinə Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir.

Müsabiqənin 15 həftə davam edəcəyi planlaşdırılır. Yarışmada 2-ci seçim turundan keçmiş 20 nəfər iştirak edəcək.