“O həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır...”


Martın 13-də Moskvada Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ssenarist Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Rüstəm İbrahimbəyov martın 11-də, ömrünün 84-cü ilində dünyasını dəyişib.

Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində təşkil olunan vida mərasiminə gələnlər arasında mərhumun dostları və yaxınları, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və səfirliyimizin əməkdaşları, elm və mədəniyyət xadimləri var idi.

Vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban Əliyevanın, Azərbaycanın dövlət və hökumət rəsmiləri və mədəniyyət xadimlərinin imzaladıqları nekroloqun mətni və Rusiya Prezidenti Vladimir Putinin Rüstəm İbrahimbəyovun ailəsinə ünvanlandığı başsağlığı məktubu oxunub.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rüstəm İbrahimbəyovun adı və parlaq yaradıcılığı insanların qəlbində yaşayacaq. O, Rüstəm və Maqsud İbrahimbəyovlarla bağlı xatirələrini bölüşərək deyib: “Rüstəm İbrahimbəyov görkəmli dramaturq, yazıçı idi. Onun kino, teatr, ədəbiyyat sahələrində çox böyük uğurları var. Rüstəmin əsərləri dövrünün reallıqlarını parlaq şəkildə əks etdirir. Əlbəttə, belə böyük şəxsiyyət haqqında keçmiş zamanda danışmaq çətindir. O, Azərbaycanın, Sovet İttifaqının və Rusiyanın ən ali mükafatlarına layiq görülüb. Rüstəm İbrahimbəyovun adı əsrlərlə qəlblərdə yaşayacaq...”.

Kinorejissor və ssenarist, Rusiyanın Xalq artisti Andrey Konçalovski bildirib ki, Rüstəm İbrahimbəyov həm Azərbaycan, həm də Rusiya kinematoqrafında bütöv bir dövrün yaradıcısıdır. “O, parlaq simalardan biri idi. Təəssüf ki, rus kinematoqrafiyasının borclu olduğu bir nəsil gedir. Biz və sözsüz ki, Azərbaycan mədəniyyəti Rüstəm İbrahimbəyovu unutmayacağıq...”, – deyə o vurğulayıb.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Rüstəm İbrahimbəyov Vətəni Azərbaycanı çox sevirdi. M.Şvıdkoy deyib: “Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən onun həyatında çox mühüm rol oynamışdı. “İstintaq” filmi 1978-ci ildə sovet kinematoqrafiyası sahəsində və siyasi aləmdə kəskin müzakirələrə səbəb olmuşdu. Lakin o zaman məhz Heydər Əliyev Rüstəm İbrahimbəyovun yaradıcılıq cəsarətini dəstəkləmişdi...”.

Mərasimdə sənətkarın dostları, həmkarları, yaxınları çıxış ediblər.

Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov atasının xatirəsinə göstərilən dərin ehtirama görə təşəkkürünü bildirib.

Qeyd edək ki, mərhumun nəşi martın 15-də dəfn olunmaq üçün Bakıya gətiriləcək.