Rusiya-Ukrayna müharibəsi təkcə siyasi və iqtisadi sahələrə zərbə vurmur. Eyni zamanda mədəniyyət sahəsi də bu müharibədən əziyyət çəkir. ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı çoxtərəfli sanksiyalarına dəstək olaraq nüfuzlu kino şirkətləri də Rusiya ilə əməkdaşlığı dayandırıblar.

ABŞ-ın “Disney” şirkəti Rusiyada fəaliyyətini dayandırması barədə bəyanat verib. Daha sonra bu ölkənin nəhəng kino şirkətləri olan “Warner Bros”, “Paramount” da Rusiyaya qarşı sanksiya tətbiq edib.

Filmləri sözügedən şirkətlərin Moskvadakı ofislərindən alan Azərbaycan kinoteatrları üçün problemlərin yaranacağı şübhəsizdir. Bütün bu proseslərin Azərbaycanda müvafiq sahəyə təsiri barədə ölkəmizin kino yayımı bazarının nümayəndələri fikirlərini bölüşüblər.

“CinemaPlus” MMC Müşahidə Şurasının sədri Zaur Darabzadə bildirib ki, sanksiyalardan sonra şirkətlərlə danışıqlar davam edir: “Sanksiyalara qədər “Sony”, “Disney” və digər şirkətlərin MDB üzrə ofisi Moskvada yerləşirdi. Əslində, biz həmin şirkətlərin birbaşa özü ilə əməkdaşlıq edirik. Sadəcə, MDB bazarı birbaşa Moskva ilə əlaqəli olduğu üçün biz filmləri Moskva üzərindən alırdıq. Sanksiyalarla bağlı bizə xəbərdarlıqlar da gəlib. Əməkdaşlıq üçün müraciətimizə cavab olaraq bildirilib ki, şirkətlər müvafiq studiya və ölkələrlə əlaqələndirəcəklər. Biz filmləri Avropa şəhərləri, yaxud Türkiyə üzərindən ala bilərik. Film hansı ərazidən gəlirsə, əsasən həmin ölkənin dilində dublyajla təqdim olunur. Azərbaycanda türk dilində də baxan tamaşaçı çoxdur. Həm rus, həm də türk dilində dublyajla olan filmlərə baxış təxminən bərabərdir. Qanuna əsasən, ölkəmizdə bütün filmlər Azərbaycan dilində subtitrlə təqdim olunur. Məqsədimiz odur ki, tamaşaçı dünya premyerası ilə eyni gündə filmi izləyə bilsin. Buna da nail oluruq. Mövcud vəziyyətlə əlaqədar müəyyən gecikmələr ola bilər. Çalışırıq ki, tamaşaçılar problemlərlə üzləşməsinlər”.

Peşəkar Rejissorlar Gildiyasının rəhbəri, rejissor Hüseyn Mehdiyev isə böyük film şirkətlərinin Rusiyaya tətbiq etdiyi sanksiyaların Azərbaycan kino bazarına təsir etməyəcəyini vurğulayıb. Qeyd edib ki, filmlərin digər ölkələrdən alınması üçün addımlar atılmalıdır: “Bu məsələ ilə bağlı yayılan xəbərləri mən də izləyirəm. Bu sanksiyaların yerli kino bazarına təsiri barədə müxtəlif fikirlər səslənir. Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan kino bazarına heç bir təsiri yoxdur və olmayacaq da. Sadəcə, başqa variantlardan istifadə etmək lazımdır. Əvvəllər filmlər Rusiyadan alınırdısa, indi filmləri Türkiyə, Gürcüstan və başqa ölkələrdən almaq olar. Söhbət əmtəədən gedir, film də əmtəədir. Rusiya olmasın, başqa ölkə olsun. Filmlərin alınması üçün qeyd edilən ölkələrlə  müqavilə bağlamaq olar”.

Lalə Azəri