Bu, çox ciddi və vacib mövzudur. Çünki uşaq və yeniyetmələrin ətraf aləmə, ümumən həyata və insani münasibətlərə baxışı məhz ədəbiyyat, onun ayrı-ayrı yaradıcılıq sahələrinə inteqrasiyası sayəsində formalaşır. Məsələn, ilkin dövrdən nağıl, şeir və hekayələrlə oxu vərdişi formalaşan, dərs vəsaitlərindən əlavə bədii ədəbiyyatı mütaliə edən uşaqlar incəsənətə, fərqli yaradıcılıq sahələrinə maraqlı olurlar. Daha sonra da zövqlü oxucuya, dinləyiciyə, tamaşaçıya çevrilirlər.

Məsələyə məhz bu yöndən yanaşmaq və müasir vizual əyləncələr fonunda ənənəvi oxu və izləmə vərdişini formalaşdırmaq üçün ədəbiyyatın, teatrın da üzərinə böyük vəzifələr düşür.

Martın 10-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Milli Teatr Günü münasibətilə Qrimm qardaşlarının məşhur “Ağca və yeddi cırtdan” nağılı əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olundu.

Anşlaqla baş tutan nümayişin ardınca "Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu" mövzusunda müzakirə aparıldı. Uşaq ədəbiyyatı mütəxəssisləri və teatrın yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı problemlərə ətraflı nəzər salındı.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə müasir dövrlə səsləşən, oxucu-tamaşaçı zövqünə malik uşaqların maraq və tələblərinə cavab verən ədəbi materiallar axtarışında olduqlarını dedi. Vurğuladı ki, xarici ədəbiyyat sarıdan bu kimi problem yaşamasalar da, yerli dramaturqlarla iş, ümumiyyətlə, onların teatra, uşaq və yeniyetmələr üçün yaradıcılığa meyil və maraqları arzulanan səviyyədə deyil. O, uşaq yazıçılarını, dramaturq və bu sahə ilə məşğul olan digər  mütəxəssisləri teatra cəlb etmək, onlarla davamlı yaradıcılıq əlaqələri qurmaqda maraqlı olduqlarını diqqətə çatdırdı.

R.Əhmədzadə xüsusilə Qarabağ və Zəfər mövzusunda günümüzlə səsləşən bədii nümunələrlə bağlı müəlliflərə çağırış etdi: “İstənilən halda müəlliflərə əsərlərinin  səhnə versiyasına salınmasına, uşaq teatrının tələblərinə uyğunlaşdırılmasına yardım edəcəyik”.

Tanınmış uşaq yazıçıları Zahid Xəlil, Qəşəm Nəcəfzadə və digərləri həmkarlarını teatrın bu təklifinə cavab verməyə səslədilər. Qeyd olunan mövzularda bədii mətnlərin azlığı vurğulandı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, tənqidçi Elnarə Akimova, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, filologiya üzrə fəlsəfə doktorları Mətanət Vahid, İlhamə Ağazadə, Gülnar Qəmbərli, eləcə də teatrşünaslar Aygün Süleymanova və Seymur Elsevər və başqaları çıxışlarında problemin ciddiliyini qeyd etdilər. Müəlliflərin nəsrdən, xüsusən də dramaturgiyadan yan keçməklərinin teatr və kinomuzda mövzu qıtlığına, yeknəsəqliyə gətirib çıxardığı diqqətə çatdırıldı. Qeyd edildi ki, uşaq dramaturgiyası ilə vəziyyət ümumən müasir dramaturgiyamızın hazırkı durumunun göstəricisidir. Qarşıda duran əsas vəzifə uşaqları maraqlandıran, onları maarifləndirməklə yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlərə kökləyəcək əsərlərin yazılmasıdır.

Ədəbiyyatşünaslar xüsusən 44 günlük Vətən müharibəsində Zəfərimizlə bağlı mühüm məqamların uşaq pyeslərinə yol tapması, səhnə taleyi yaşaması, müasir ədəbi epoxanın inkişaf qanunauyğunluğuna cavab verəcək nümunələrin meydana qoyulması ilə bağlı öz təkliflərini səsləndirdilər.

Müzakirənin sonunda Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən irəli sürülən vətənpərvərlik, tarixi Zəfərimiz mövzusunda pyes müsabiqəsi təklifi məqbul hesab edildi.