Müasir İncəsənət Muzeyində martın 12-də türkiyəli rəssam və dekorativ-tətbiqi sənət ustası Binnur Ersayın “Qarabağ atları” mövzusunda fərdi sərgisi açılıb. Milli Məclisin Mədəniyyət komitəsi və "Nəfəs" İctimai Birliyinin dəstəyi ilə gerçəkləşən sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunur.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək bildirib ki, sərgi tematik xarakterlidir və qardaş ölkə rəssamının Azərbaycana sevgisinin, tarixi Zəfərimizdən doğan məmnunluğunun parlaq təcəssümüdür.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva rəssamın Türkiyə-Azərbaycan münasibətlərinə önəmli sənət töhfəsi verdiyini, Qarabağ atları ilə bağlı ilk sərgini uğurla təşkil etdiyini söyləyib: “Binnur xanım Qarabağ atlarını o qədər gözəl təsvir edib ki, tablolarda Qarabağın ruhu əks olunub. Qarabağ atlarını dünyada təbliğ etdiyi üçün rəssamam təşəkkürümü bildirirəm. Rəsmlər Şuşa başda olmaqla, işğaldan azad edilmiş digər şəhər və rayonlarda yaradılacaq muzeylərdə saxlanılacaq”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təsviri sənətini bəşəriyyətin möcüzələrindən adlandırıb. Bildirib ki, insanlar ilk dəfə olaraq gördüyünü, düşündüyünü rəsmlərdə əks etdirib. Elnur Əliyev sərgini Türkiyə-Azərbaycan qardaşlığının daha bir rəmzi kimi səciyyələndirib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov xanım rəssamın peşəkarlığından söz açıb: “Atın gözlərini ifadə etmək ən çətin işlərdən biridir. Ancaq Binnur Ersay bu gözləri ustalıqla kətan üzərinə köçürüb”.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 il ərzində ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən, müharibə zamanı flora və faunaya dəyən ziyandan və bunun fonunda Qarabağ atlarının məhv olma təhlükəsindən danışıb. Bildirilib ki, Qarabağ atları mövzusu çox yerinə düşür: “Çünki Qarabağ atları vətənimizin bir simvoludur. Türkiyə bizimlə bu mübarizəni yaşayıb, bu gün isə Binnur Ersayın timsalında bizə belə bir sevinc bəxş edir”.

Binnur Ersay çıxış edərək sərginin təşkilatçılarına və sənətsevərlərə təşəkkürünü bildirib. Rəssam deyib: “Uzun bir pandemiya dövrü yaşadıq. Bütün dünya evdə oturduğu zaman Azərbaycan böyük bir Qələbəyə imza atdı. Türkiyə bu mübarizədə qardaş Azərbaycana mənəvi dəstək oldu. Mən də Qarabağ atlarını çəkməyi düşündüm”.

Sonda təşkilatçılar adından rəssama hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Müasir İncəsənət Muzeyində “Qarabağ atları” sərgisi mart ayının sonuna qədər davam edəcək.