Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un layihəsi üzrə 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilən Bursada tədbirlər proqramı davam edir. 10-24 mart tarixində Bursada IX Balkan Ölkələri Teatr Festivalı keçirilir.
Martın 11-dən 14-dək isə şəhərdə TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının 8-ci iclası keçirilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Qaqauziya (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak ediblər.
Türkiyə Dövlət Teatrlarının Baş direktoru Mustafa Kurt açılış nitqində “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada şuranın iclasına ev sahibliyi etməkdən məmnunluqlarını ifadə edib. O, qardaş ölkələrin teatrları ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq bu il Türkiyədə keçiriləcək beynəlxalq festivallar haqqında məlumat verib.
TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatr Rəhbərləri Şurasının koordinatoru, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirakçıları TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun adından salamlayaraq şuranın son iclasından ötən müddətdə həyata keçirilən fəaliyyət haqqında danışıb. E.Qafarlı tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkiyə Dövlət Teatrlarına və toplantıya ev sahibliyi edən Bursa Dövlət Teatrına təşəkkür edib.
Şuranın üzvləri çıxış edərək öz ölkələrində və teatrlarında görülən işləri, yaşanan problemlər və onların həlli yolları, bu xüsusda mümkün əməkdaşlıq təkliflərini müzakirə ediblər.
İclasda sənətşünaslıq üzrə elmlər doktoru, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov növbəti müddətə TÜRKSOY-a üzv ölkələrinin Dövlət Teatr Rəhbərləri Şurasının rəhbəri seçilib.
Şuranın 9-cu iclasının qurum tərəfindən elan ediləcək “2023 – Türk Dünyasının Mədəniyyət Paytaxtı”nda keçirilməsi qərara alınıb. Xatırladaq ki, Azərbaycan tərəfi gələn il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” üçün namizəd olaraq Şuşa şəhərini təklif edib.
İclasın sonunda iştirakçılara TÜRKSOY-un plaketləri, sertifikatı və Türkiyə Dövlət Teatrlarının xatirə hədiyyələri təqdim olunub.
Mehparə Sultanova