«Kür Hotel» kompleksi istirahət üçün ideal məkandır
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Millennium» turizm şirkətinin təşkilatçılığı ilə «Turizm ili» çərçivəsində növbəti infotur iyulun 30-31-də Mingəçevir şəhərinə təşkil edildi.
   
   İnfoturun məqsədi ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası ilə əlaqədar regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, daxili turizm bazarının fəallığını artırmaq və «Kür Hotel» mehmanxanasının tanıdılması idi. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyət iştirak edirdi.
   
   İşıqlı şəhər
   
   İnfotur iştirakçıları mehmanxanaya çatanda artıq günün ən qızmar vaxtı idi. Amma hotelin içərisində bu istilik hiss edilmirdi. Nahardan sonra «Kür Hotel»in marketinq üzrə meneceri Rövşən Əhmədovun bələdçiliyi ilə qonaqlar hotellə yaxından tanış oldular.
   Sonra Kür çayı boyunca yaxta ilə gəzinti zamanı tur iştirakçıları Mingəçevir su anbarı və Su Elektrik Stansiyası haqqında məlumat əldə etdilər. Tikintisi 1945-ci ildə başlanan SES 1954-cü ildə işə salınıb. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın inşası ilə yanaşı burada respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.
   1957-ci ildə Varvara SES işə düşdükdən sonra bu iki qurğu birlikdə “Mingəçevir SES silsiləsi” adlanır. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarının normal dolma səviyyəsində ümumi su tutumu 15730 milyon kubmetrdir. Anbarın çay boyu uzunluğu 70 kilometrdir, eni 3 kilometrdən 18 kilometrədək dəyişir. Maksimal dərinliyi 75 metr, orta dərinliyi 26 metr, sahil xəttinin uzunluğu 247 kilometrdir.
   Mingəçevir su anbarı həm də iki kanalı - Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarını su ilə təchiz edir. Bu kanallardan Mil, Muğan, Şirvan düzlərində ərazilərin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.
   
   «Kür Hotel» yüksək xidmət təqdim edir
   
   Gəzintidən sonra «Kür Hotel» mehmanxanasının konfrans zalında turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirildi. Hotelin icraçı direktoru Toni Dimeski bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və KİV-lərlə əməkdaşlıq onların başlıca məqsədidir. Onun sözlərinə görə, rəhbərlik etdiyi obyekt əsasən buradakı olimpiya-idman kompleksinə, Kür avarçəkmə mərkəzinə gələn idmançılar üçün nəzərdə tutulsa da, adi turistlərin də rahat yerləşməsi və istirahət edə bilməsi üçün hər cür şərait mövcuddur: «Çalışırıq ki, hotelimizə gələn hər bir qonaq bizdən razı getsin. Bunun üçün də təbii ki, ilk növbədə yüksək və keyfiyyətli xidmət əsas şərtdir».
   «Kür Hotel»in marketinq üzrə meneceri Rövşən Əhmədov slaydlar vasitəsilə hotelin təqdimatını etdi. Bildirdi ki, «Kür» mehmanxana və idman kompleksi Mingəçevir çimərliklərindən 5, şəhərin mərkəzindən isə 10 dəqiqəlik məsafədə yerləşir: «Kompleks istirahət üçün regionda ideal məkan hesab edilir. Hotelin ən böyük üstünlüyü buradakı otaqların hamısının mənzərəsinin birbaşa Kür çayına açılmasıdır. Hotelin özü beynəlxalq 4 ulduz standartlarına cavab verən 48 nömrədən ibarətdir. Kompleks həm də idman xarakterli olduğundan qonaqlarımızın əksəriyyəti, xüsusilə qış aylarında, idmançılar olur. Hotelimizin göstərdiyi xidmətlərə olimpik üzgüçülük hovuzu, türk və fin saunaları, massaj otağı, gimnastika-fitnes zalı, sauna, açıq havada tennis kortu, avarçəkmə klubundan istifadə də daxildir. Kompleksin 6 hektar ərazisi var. Qonaqlarımıza istəklərindən asılı olaraq, müxtəlif təyinatlı turlar təşkil edirik».
   Təqdimat zamanı məlum oldu ki, hotelin özündə ikimərtəbəli restoran fəaliyyət göstərir. Birinci mərtəbədə 70-ə yaxın, ikincidə isə 50-55 nəfər eyni vaxtda yemək yeyə bilir. Burada gələn qonaqlara Avropa və Azərbaycan mətbəxinin nümunələri təqdim olunur.
   Hotel kompleksinə daxil olan yüksək səviyyəli xidmətlərdən biri də 39 metr hündürlükdə yerləşən “Qüllə” restoranıdır. Buradan Kür çayı boyunca çox gözəl mənzərə açılır. Xüsusilə xarici qonaqların çox sevdiyi restorandan Mingəçevir şəhərinin əsrarəngiz mənzərəsini seyr etmək mümkündür.
   Tədbir boyu «Kür Hotel»in təmsilçiləri jurnalistlərin və turizm şirkətləri nümayəndələrinin suallarını cavablandırdılar.
   
   Turizm şirkətləri istirahət mərkəzlərinin reklamına xidmət edir
   
   «Millennium» turizm şirkətinin nümayəndəsi Rəşad Yusifli qəzetimizə açıqlamasında bildirdi ki, belə infoturları təşkil etməkdə əsas məqsəd regionlarda fəaliyyət göstərən hotellərlə turizm şirkətlərinin qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsidir: «Hazırda yay mövsümünün qızğın vaxtıdır. Bu səbəbdən də Azərbaycanın bölgələrinə çoxsaylı turistlərin cəlb edilməsini təmin etmək niyyətindəyik. Turizm şirkətləri paket turlar satmağa daha çox üstünlük verir və bu zaman da əlavə xidmət sahələrini də birləşdirməklə müəyyən bir endirim əldə etmək istəyir. Bütün bunları isə iştirak etdiyi sərgilərdə ziyarətçilərə təqdim edir. Beləliklə, turizm şirkətləri istirahət mərkəzlərinin reklamına xidmət edir. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan bu infoturları yüksək qiymətləndiririk».
   
   Mingəçevirdə turizmin inkişaf planı hazırlanıb
   
   Mingəçevir şəhərinə təşkil edilən ekskursiya zamanı infotur iştirakçıları maraqlı məlumatlar əldə etdilər.
   Mingəçevir Bakı şəhərindən 280-300 km qərbdə yerləşir. Şəhərin adının mənası haqqında müxtəlif əfsanələr mövcuddur. 4500 ildən çox tarixə malik olan bu yerin mənasını vaxtilə görkəmli tarixçi-alim, akademik Ziya Bünyadov belə izah edib: «Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış Minqiçevir əl Fəqaninin adı ilə bağlıdır».
   Bu ərazidə hələ e.ə. III minillikdə yaşayış olub. Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim sikkələr burada qədim dövrdə şəhər mədəniyyətinin mövcud olduğunu, ticarətin inkişaf etdiyini göstərir. Məşhur türk səyyahı Övliya Çələbinin \\\"Səyahət\\\" əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burada olan toxuculuqdan, hamamxanalardan və s. bəhs edilib.
   Mingəçevirin indiki yerində əvvəllər şam və vələs meşəliyi olub. Burada yeni şəhər salmaq fikri isə ötən əsrin 30-cu illərində yaranıb. 1938-ci ildə burada Su Elektrik Stansiyasının (SES) tikilməsi üçün araşdırmalar aparılıb. Lakin müharibənin başlanması bu işə mane olub. Müharibədən sonra SES-in tikintisi başlanıb.
   Mingəçevir 1948-ci ildə şəhər statusu alıb. Hazırda Mingəçevir əhalisinin sayı etibarı ilə respublikanın dördüncü böyük şəhəridir.
   Mingəçevirin böyük turizm potensialı var. Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Tahir Əzizlinin sözlərinə görə, «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» qəbul edildikdən sonra şəhərdə bu sahənin inkişaf planı hazırlanıb. Mingəçevirdə 7 turizm obyekti var, bunlardan 5-i Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərir: «2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə əlaqədar şəhər ekskursiya və səyahətlər bürosunun fəaliyyəti gücləndirilib, turistlərin hərəkətini asanlaşdırmaq üçün Mingəçevirin turizm xəritəsi işlənib hazırlanıb. “Turizm ili”ndə Kür çayının, Mingəçevir su anbarının, şirin sulu çimərliyin imkanlarından daha səmərəli istifadə edilməsi nəzərdə tutulur. Şəhərdən Hacıkənd, Gəncə, Qəbələ, Xaçmaz, Quba və s. istiqamətlərdə müxtəlif turlar təşkil edilir. Bu turlarda 1200-1400 nəfər iştirak edir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar