Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşüblər.

Görüş Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə gerçəkləşib.

Tədbirdə “Qara kvadrat” teatrı barədə məlumat verilib. Bildirilib ki, teatr 1991-ci ildə Anatoli Nikolayeviç Neyolov tərəfindən Kiyevdə yaradılıb. Adın seçilməsinin də maraqlı tarixi var. Teatr-studiyasının bədii rəhbəri aktyorların dərslərə hazırlıqsız gəldiyini görür. Onların qarşısına kvadrat formalı qara məxmər parça sərir və bununla gənclərin necə oynadıqları ilə maraqlanmadığını deməyə çalışır. Beləliklə, sonradan bu qara kvadrat parça teatr-studiyasının adına çevrilir.

Görüşdə daha sonra teatrın aktyorları tələbələrə səhnə qabiliyyəti və səhnə danışığı üzrə interaktiv ustad dərsi keçiblər.

Sonda “Qara kvadrat”ın aktyorları jurnalist-yazar Elşad Eyvazlının Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” əsərinin əsasında hazırladıqları eyniadlı tamaşadan bir parçanı nümayiş etdiriblər.

Qeyd edək ki, “Qara kvadrat” teatrı sözügedən tamaşanı bu il fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş etdirmişdi.