Martın 16-da dünya şöhrətli caz pianoçusu Vaqif Mustafazadənin (1940-1979) anadan olmasından 82 il ötdü. Bu münasibətlə ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə martın 17-də “Vaqif Mustafazadə və Uillis Konnover” adlı tədbir keçirilib.

Tədbirdə Vaqif Mustafazadənin yaradıcılıq yoluna nəzər salınıb, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” proqramının aparıcısı olmuş Uillis Konnoverin məşhur cazmenə həsr etdiyi verilişlərdən bəhs olunub.

Qeyd olunub ki, orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə muğamlarımızı caz texnikası ilə birləşdirərək caz-muğam kimi yeni bir musiqi janrı yaradıb. Bu gün də bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

Tədbirdə Azərbaycan musiqiçilərinin ifasında Amerika caz musiqisi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyalar səsləndirilib. Konsertdə Vüsal Aydəmirov (piano), Hidayət Sadiqbəyli (piano), Elbəy Məmmədzadə, Nicat Aslanov, Əfqan Rəsul (trio) və Teymur Süleymanlı (band) çıxış ediblər.