BMT-nin Baş Assambleyası 15 martın “İslamofobiya ilə mübarizə günü” elan edilməsi haqqında qətnamə qəbul edib. Pakistanın təklif etdiyi qətnamə layihəsi martın 15-də yekdilliklə qəbul olunub.
Qətnamədə insan haqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunur. Sənəddə insanların dini baxışlarına görə zorakılığa mərz qalması və ibadət yerlərinə hücumları pislənilir.
Qətnamədə BMT-yə üzv dövlətlərinə islamofobiya ilə mübarizə üçün yerli və beynəlxalq səviyyədə tədbirlər təşkil etmək çağırışı da yer alıb.
Qeyd edək ki, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç (Christchurch – ingiliscə “Məsihin (İsa) kilsəsi”) şəhərində iki məscidə edilən silahlı basqın zamanı 51 nəfər öldürülmüş, 49 nəfər yaralanmışdı. Qırğını törədən avstraliyalı qatı irqçi Brenton Tarrant əməlini etiraf etdi və ömürlük həbsə məhkum edildi. Xristian icmasının çoxluq təşkil etdiyi şəhərdə müsəlmanlara qarşı aşırı nifrət nümunəsi olan bu qanlı olay dünyada böyük rezonans doğurdu.
15 martın “İslamofobiya ilə mübarizə günü” olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan edilmişdi.
Cavid