Avropada məhdudiyyətlər ləğv olunur...

 

Böyük Britaniyada COVİD-19-la bağlı səyahət məhdudiyyətləri martın 18-dən etibarən ləğv edilir.

Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib ki, ölkəyə daxil olanlar üçün qeydiyyat anketinə və girişdən iki gün sonra koronavirus testi verməsinə ehtiyac qalmayacaq. Nazir bildirib ki, bu dəyişikliklər kütləvi peyvənd tətbiqi sayəsində mümkün olub. Bununla da Pasxa bayramında insanlar daha rahat şəkildə səyahət edə biləcəklər. Qeyd edək ki, Böyük Britaniyada 2020-ci ilin mart ayından etibarən ilk dəfə COVİD-19 ilə bağlı hər hansı bir məhdudiyyət qalmayıb.

Niderlandda isə koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq edilən bütün məhdudiyyətlər martın 23-dən götürüləcək, yalnız tövsiyələr qüvvədə qalacaq.  Ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib ki, gələn həftənin ortalarından etibarən ictimai nəqliyyatda maska taxmaq da məcburi olmayacaq və tövsiyələr kateqoriyasına keçəcək.

Rusiya paytaxtında da koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş qoruyucu maskalardan istifadə tələbi ləğv olunur. Bunu Moskva meri Sergey Sobyanin bəyan edib. Mer bildirib ki, şəhərdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar martın 15-dən maska taxmaqla bağlı tələb aradan qaldırılıb.

 

...Asiyada isə yeni dalğa həyəcanı yaşanır

COVİD-19 virusunun ilk dəfə qeydə alındığı Çində isə pandemiyanın yeni dalğasının həyəcanı yaşanır. Artan yoluxma halları paytaxt Pekin də daxil olmaqla ölkənin 61 şəhərində aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayıb. Bir neçə şəhərdə əlavə mobil xəstəxanalar inşa edilir, lokal qapanmalar həyata keçirilir.  Qeyd edək ki, Çində bu cür pandemiya həyəcanı COVİD-19 böhranının qızğın vaxtlarında (2020-ci il yanvar-fevral ayları) baş vermişdi.

Cənubi Koreyada da son günlər COVİD-19 virusuna sutkalıq yoluxma və ölüm sayında yeni antirekord qeydə alınır. 52 milyonluq ölkədə sutkalıq yoluxma faktı 600 mindən çoxdur. Baxmayaraq ki, əhalinin 86 faizi iki doza peyvəndi, 63 faizi isə “buster” dozanı da qəbul edib. Bununla belə, hökumət yoluxmaların çoxalmasına rəğmən karantin tədbirlərini sərtləşdirmək niyyətində deyil. Səbəb pandemiyanın sahibkarlığa mənfi təsirinin qarşısını almaqdır.

Vəfa Kamal