Martın 21-də Novruz bayramı adət-ənənələrinin təbliği və bayram ərəfəsində ziyarətçilərə Azərbaycan mətbəxində xüsusi yeri olan plovun müxtəlif növlərini tanıtmaq məqsədilə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçiriləcək.

Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın, həmçinin Hindistan, Qətər, Qırğızıstan, Özbəkistan və başqa ölkələrin mətbəxinə aid plov nümunələri bişirilərək iştirakçılara təqdim ediləcək.

Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılarda xoş bayram ovqatı yaradacaq.

Tədbirdə həmçinin uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılacaq, əl işlərinin və suvenirlərin satış yarmarkası təşkil olunacaq.