Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və idman arenalarında göstərdiyimiz güc özünü döyüş meydanında da göstərəcək... Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş ölkəni, müzəffər xalqı təmsil edirsiniz. 

Prezident İlham Əliyev bu sözləri martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində idman amilinin çox böyük rol oynadığını vurğulayan dövlət başçısı deyib: “Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim, əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi”.

Prezident vurğulayıb ki, təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edir, İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar: “Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq”.