Müharibədə mədəniyyət abidələri də dağıdılır


Ukrayna Rusiyanın hücumu nəticəsində zərər görən mədəniyyət abidələri ilə bağlı UNESCO-ya müraciət edib. Bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Katerina Çuyeva onlayn brifinqdə deyib.

Nazir müavini bildirib ki, bir sıra şəhərlərdə mədəni abidələr, muzey və teatr binaları bombalanır, XII və XVII əsrlərə aid kilsələr zərər görüb.

Katerina Çuyeva bildirib ki, indiyə qədər 60-dan çox mədəniyyət abidəsinin dağıdılması barədə dəqiq faktlar var, ancaq bu yekun rəqəm deyil. Xersonda muzeydə saxlanılan eksponatların yoxa çıxması ilə bağlı da məlumatlar var. O qeyd edib ki, nazirlik tarixi əhəmiyyətli mədəni və dini abidələrin dağıdılması faktları ilə bağlı onlayn platforma yaradıb.

Nazir müavini vurğulayıb ki, Ukrayna ölkənin qərbində olan mədəni abidələrin qorunmasına maliyyə yardımının ayrılması ilə bağlı və həmçinin Rusiya tərəfindən dağıdılan mədəni abidələrlə bağlı UNESCO-ya müraciət edib. Bildirib ki, bütün bu faktlar toplanaraq Haaqa Məhkəməsinə araşdırma üçün təqdim olunacaq.