Martın 17-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM), Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ), Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə şəhərdəki Əli Kərim adına Poeziya evində "Türkdilli xalqların Novruz adət-ənənələri” adlı beynəlxalq konfrans keçirilib.

Mərkəzin 2022-ci il üçün iş planı əsasında təşkil olunan konfransın məqsədi türkdilli xalqlarda Novruz adət-ənənələrinin özəlliklərini aşkara çıxarmaqla yanaşı, milli adət-ənənələrin qorunub saxlanılması, tanıdılması və müasir qloballaşma və texnoloji sivilizasiya şəraitində inkişaf perspektivlərinin müzakirəsidir.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları ilə yanaşı, respublikada fəaliyyət göstərən musiqi, incəsənət məktəblərinin direktor və müəllimləri, tələbələri, müxtəlif ölkələrdən məruzəçilər iştirak ediblər.

Konfransın açılışında MEMİM-in direktoru Səadət Xələfbəyli, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, şəhər İcra hakimiyyətinin şöbə müdiri Fərman Kərimov və Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva çıxış edərək iştirakçıları salamlayıblar.

Sonra AMK-nın Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Sevinc Əliyeva, AMEA-Naxçıvan Bölməsinin Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov, Sultan Qaboos Universiteti (Oman Sultanlığı, Maskat) Musiqi və musiqi elmləri departamentinin Fortepiano şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova, tum-haberler.com saytının baş redaktoru Ali Rıza Özkan (Türkiyə, İstanbul), Pakistan Beynəlxalq İslam Universitetinin professoru Fareed Brohi (İslamabad), Necmettin Erbakan Universiteti İncəsənət təhsili şöbəsinin Musiqi bölməsinin müəllimi Yunus Çağlak (Türkiyə, Konya) məruzələrlə çıxış ediblər.

Konfransda həmçinin Qırğızıstan İslam Universiteti Sosial elmlər fakültəsi dekanın müavini Ermamat Ergeşov (Bişkek), Dicle Universiteti Ədəbiyyat fakültəsinin Müasir türk dilləri və ədəbiyyat bölməsinin müəllimi Abdülmukaddes Kutlu (Türkiyə, Diyarbəkir), L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, “Otırar kitabxanası” Elmi-Araşdırma Mərkəzinin baş tədqiqatçısı Erkegül Aryakkarkızı (Qazaxıstan, Nur-Sultan), Gürcüstan Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri, Tbilisidəki M.F. Axundov adına Mədəniyyət Mərkəzi və Yunus Əmrə Mədəniyyət Mərkəzində saz ixtisası üzrə müəllim Nargilə Mehdiyeva, Ulan-Bator Beynəlxalq Məktəbinin müəllimi Aysel Tilyeukhan (Monqolustan) məruzələrini təqdim ediblər.

Məruzələrdə qədim zamanlardan başlayaraq bir çox Şərq ölkələrində baharın, yəni Günəş təqvimi ilə yeni ilin müxtəlif mərasimlərlə qarşılanmasından bəhs edilib. Vurğulanıb ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib 2010-cu ildə BMT Baş Asambleyasının tərəfindən 21 mart “Beynəlxalq Novruz Günü” elan olunub.

Konfrans zamanı musiqi nömrələri səsləndirilib. Sumqayıt Dövlət Rəsm Qalereyası və uşaq incəsənət məktəbləri tərəfindən hazırlanmış Novruz adət-ənənələri ilə bağlı sərgi, sənətkarların əl işləri nümayiş olunub.