Türk xalqlarının ənənəvi musiqisini yaşatmaq və təbliğ etmək məqsədilə TÜRKSOY-un 2016-cı ildə yaradılmış Xalq çalğı alətləri orkestri Novruz bayramı münasibətilə ənənəvi konsertlərə başlayıb. İlk konsert Türkiyənin Uşak Universitetində gerçəkləşib.

Konsertdən öncə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, təşkilat Novruz ənənəsinin gələcək nəsillərə ötürülməsi məqsədilə müxtəlif ölkələrdə şənliklər təşkil edir. Baş katib indiyədək 30-a yaxın ölkədə 150-dən çox konsertin təşkil edildiyini diqqətə çatdırıb. Bayram konsertlərində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstandan sənətçilər iştirak edirlər.

Budəfəki Novruz konsertlərində ölkəmizi TÜRKSOY Xalq çalğı alətləri orkestrinin solistləri – Əməkdar artist Çinarə Mütəllimova-Heydərova, xanəndə Babək Şuşalı, tarzən Ruslan Zərbəliyev və kamança ifaçısı Pərviz Fərhadov təmsil edir.

Qeyd edək ki, TÜRKSOY-un Novruz konsertləri Ankara, Konya, Bursa və başqa şəhərlərdə də təşkil olunacaq.

Lalə