Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın və Türkiyənin Özbəkistandakı səfirliklərinin əməkdaşları, Özbəkistanın mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

Qonaqlar əvvəlcə AMM-nin foyesində müxtəlif nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər, “Bahar çələngi” sərgisi ilə tanış olublar, Novruz şirniyyatlarına qonaq ediliblər.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən AMM-nin direktoru Samir Abbasov Novruzun Azərbaycanda, Özbəkistanda, Türk dünyasının digər ölkələrində qeyd olunduğunu, dilimiz, soy-kökümüz, mədəniyyətimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib. Nizami Gəncəvi, Mahmud Kaşqari, Əbu Reyhan Biruni, Əlişir Nəvai kimi ədib və mütəfəkkirlərin əsərlərində bu qədim bayram haqqında məlumatların əksini tapdığı diqqətə çatdırılıb. Xalqlarımızın zəngin mədəniyyətini, adət-ənənələrini nümayiş etdirən Novruz bayramının 2009-cu ildə çoxmillətli nominasiya olaraq UNESCO-nun siyahısına daxil edilməsinin əhəmiyyəti vurğulanıb.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və digər dövlətlərin dəstəyi ilə 2010-ci ildə BMT Baş Məclisinin 21 martı “Beynəlxalq Novruz Günü” elan etdiyini xatırladaraq, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış bayramı olduğunu qeyd ediblər.

Tədbirin bədii hissəsində AMM-nin layihəsi ilə hazırlanmış, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın Xalq artisti Ramiz Usmanov və Özbəkistan Dövlət Uşaq Filarmoniyasının Xor kapellası tərəfindən ifa olunub.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər söyləyiblər.

“Özbək gəncləri” (“Uzbegim Yoshları) musiqi qrupu tərəfindən Azərbaycan və özbək mahnıları ifa olunub. AMM-nin nəzdində Kövkəb Əliyeva adına rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.