Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Kəlbəcər Mədəniyyət sarayında Aşıq Şəmşir adına V saz-söz müsabiqəsi keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və hüquq mühafizə orqanlarının rəhbərləri və Kəlbəcər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ənənəvi müsabiqədə Gəncə və ətraf rayonları təmsil edən saz-söz həvəskarı olan yeniyetmələr iştirak ediblər. Onlar vətənpərvərlik, qəhrəmanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən saz havaları və mahnılarla böyük söz ustadları və Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayev; 1893-1980) ruhu qarşısında öz sənət hesabatlarını veriblər.

İştirakçılardan Şəhruz Şükürlü (Laçın), Zeynəb Əliyeva (Tovuz), Sirac Quliyev (Kəlbəcər), Yusif Vəliyev (Gədəbəy) və İsmayıl Yusifov (Gəncə) müsabiqənin qalibləri olublar. Qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən diplom və mükafatlar verilib.

Professor Məhərrəm Qasımlı, Həbib Misirov və ustad aşıqlar çıxış edərək aşıq sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Nurəddin