Xalqımızın ən əziz bayramı Novruzun gəlişi münasibətilə regional mədəniyyət idarələrinin əhatə etdiyi müəssisələrdə müxtəlif tədbirlər, şənliklər keçirilib. Sumqayıtda Novruz bayramı böyük təntənə ilə qeyd olunub. İlk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb. Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər.

Sonra şəhərin “Kimyaçılar” Mədəniyyət sarayının foyesində Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.

Sonda bayram konserti keçirilib. Respublikanın tanınmış incəsənət ustaları çıxış ediblər.

Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət evi, rayon İcra Hakimiyyəti və İH başçısı yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissəsində Novruz şənliyi təşkil olunub. Tədbirdə incəsənət nümayəndələri konsert proqramı təqdim ediblər.

Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu, Fatmayı kənd Diyarşünaslıq klubu və Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları Novruz bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidi Ceyhun Useynovun ailəsini ziyarət ediblər.

***

Masallı RMİ Masallı şəhər Onbirillik incəsənət məktəbində Novruz bayramı münasibətilə musiqili kompozisiya təqdim edilib. RMİ-nin rəisi Bəxtiyar Qılıncovun da iştirak etdiyi tədbirdə təhsil müəssisəsinin müəllim və şagirdlərinin hazırladığı "Novruznamə" adlı bədii proqramda milli kinofilmlərdən maraqlı epizodlar təqdim olunub. Novruz personajları Kosa və Keçəlin iştirakı ilə əyləncəli oyun və yumoristik nömrələr nümayiş etdirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində "Zəfər müjdəli bahar" mövzusunda ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Novruza həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilib. Kompozisiyada Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə mahnılar oxunub, şeirlər söylənilib.

Masallı RMİ-nin rəisi, idarənin əməkdaşları və müəssisə rəhbərləri bayram münasibətilə Vətən müharibəsi şəhidi Zeynal Şahhüseynli və Cavid İbadovun ailələrinin qonağı olublar. Sonra onlar İkinci Qarabağ müharibəsi qaziləri Fərid Mahmudov və Kəmaləddin Bağırova baş çəkiblər.

***

İsmayıllı RMİ və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr edilən konsert keçirilib. İsmayıllı şəhərinin mərkəzi meydanında təşkil olunan konsert proqramında respublikanın tanınmış müğənniləri ifaları ilə tamaşaçılara əsl bayram havası yaşadıblar. “Niyal” instrumental ansamblının solistləri, İsmayıllı “Aşıqlar” ansamblı, “Lahıc” xalq, “İvanovka” folklor və nağara qruplarının çıxışları, Kosa və Keçəlin, Bahar qızının maraqlı ifaları alqışlarla qarşılanıb.

***

Bərdə RMİ-nin tabeliyində olan mədəniyyət müəssisələrinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüşüblər. Görüş zamanı ümumilikdə Bərdə rayonu üzrə 49, Tərtər rayonu üzrə 44, Yevlax şəhəri üzrə 65, Mingəçevir şəhəri üzrə 53 şəhid ailəsi ziyarət olunub.

***

Kürdəmir RMİ Füzuli rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tariximiz, folklorumuz, milli-mənəvi dəyərlərimiz” adlı sərgi açılıb. Sərgidə Novruz atributları, qədim folklor nümunələrimizi özündə əks etdirən eksponatlar və əl işləri sərgilənib. Sərgidə həmçinin rayon məktəblilərinin ifasında “Fincan-fincan” oyunu və Novruz deyimləri səsləndirilib. Rayon mədəniyyət işçilərinin təşkil etdiyi “Novruz adətlərimiz” adlı kompozisiya maraqla qarşılanıb. Daha sonra rayon musiqi məktəblərinin musiqili proqramı təqdim olunub.

Nurəddin Məmmədli