Novruz bayramının İçərişəhərdə hər il xüsusi qeyd olunması gözəl ənənəyə çevrilsə də, son illər pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmayıb. Bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təntənəli bayram tədbirlərini yenidən bərpa edir.

Bayram münasibətilə martın 19-da Qoşa Qala meydanında tonqal qalanıb. Bayram şənlikləri martın 27-dək İçərişəhər ərazisində və Qala qoruğunda təşkil olunacaq.

Qonaqlar müxtəlif yaş kateqoriyası üzrə ustad dərslərinə, qədim sənət növlərinə həsr olunmuş ustad dərslərinə, eləcə də suvenirlərin hazırlanması və naxışlanması, uşaqlar üçün üzdə maraqlı təsvirlərin çəkilməsi kimi əyləncəli məşğələlərə, xalqımızın sevimli milli mətbəx nümunələrinin bişirilməsi, təndirə çörək yapılması, kofe dəmlənməsi kimi maraqlı tədbirlərə qatıla biləcəklər.

Bayram tətili günlərində Qoşa Qala meydanının mərkəzi hissəsində musiqili və əyləncəli tədbirlər təşkil olunacaq.

Novruz bayramı münasibətilə paytaxtın müxtəlif yerlərində - Dənizkənarı Milli Parkda, Fəvvarələr meydanında, İçərişəhər, “Qoşa Qala qapısı” və digər yerlərdə dekorasiya işləri də aparılıb.

İnsanlarda bayram əhvali-ruhiyyəsi yaradılması üçün mərkəzi küçələrdə və parklarda səməni, şəkərbura, paxlava, qoğal, yumurta, çərəz və digər bayram atributları yerləşdirilib. Rəngarəng işıqlandırmalar hazırlanıb. İctimai iaşə və xidmət obyektlərinin vitrinləri, köşklər bayram atributları ilə bəzədilib. Metro stansiyalarının yaxınlığında Novruz yarmarkaları təşkil edilib.