Novruz bayramı türk xalqlarının qədim mədəni irrsinin ən zəngin səhifələrindən biridir. Qardaş xalqlarımız bu bayramı əsrlərdən bəri təntənə ilə qeyd edirlər.

Mənzil-qərargahı Bakıda yerləşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda, hər il olduğu kimi, bu il də Novruza həsr olunmuş bayram tədbiri keçirilib. Martın 17-də təşkil olunan mərasimdə Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Mərasimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq, Novruz bayramı münasibətilə qonaqları təbrik edib. “Biz bu əlamətdar gündə türk xalqlarının qədim tarixə malik olan ənənələrindən birini – baharın gəlişinin, canlanmanın, yenilənmənin simvolu olan Novruz bayramını qeyd edirik. Novruz bayramı təbiətin oyanmasını, ruhun təmizlənməsini təmsil edən dünyəvi bayramdır. Bu gün burada Fondun qurucu üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə, eləcə də Özbəkistan və Türkmənistan, Fondun müşahidəçi üzv ölkəsi Macarıstan və keçən il təşkilatla Əməkdaşlıq Memorandumu imzalayan Litva masalar hazırlayıb öz mədəniyyətlərini nümayiş etdirir, milli mətbəx nümunələrini sizlərə təqdim edirlər”.

Çıxışında Qarabağ Zəfərinə toxunan Günay Əfəndiyeva deyib: “Artıq ikinci ildir ki, müqəddəs Qələbənin qazanılması və Qarabağın azad olunması ilə Türk dünyasında bayram şənliyinə Zəfər sevinci qarışıb. Bizə bu möhtəşəm duyğuları yaşadanlara – Ali Baş Komandana və bütün qəhrəmanlara sonsuzadək minnətdarıq”.

Novruzu yeni ilin başlanğıcı kimi qiymətləndirən Günay Əfəndiyeva qeyd edib: “Novruz yaddaşdır. Özündə həyatın sirlərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi cəmləşdirən, türk xalqlarının bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bir ənənədir. Novruz xəzinədir. Öz mənası və elementləri ilə Türk dünyasına, həmçinin dünya mədəniyyətinə töhfə verən, onu zənginləşdirən incidir. Novruz bir başlanğıcdır. Gələcəyin daha yaxşı olacağına inamdır. İnkişaf üçün cızılan yeni bir yoldur. Göstərilən əzmdir. Hər şeyə rəğmən közərən ümid çırağıdır. Novruz çağırışdır. Zamanın dayanmaz axınını ləngidərək, kollektiv yaddaşda reallaşan, bizlərə tariximizi, əcdadlarımızı, keçdiyimiz əzəmətli yolu xatırladan sədadır. Və nəhayət, qloballaşan dünyamızda Novruz sülhdür. Uşaqların göz yaşlarının olmamasıdır, insanların öz yurd yuvasından ayrı düşməməsidir. Küsülülərin barışmasıdır. Münaqişəni, nifrəti, incikliyi, kini-küdurəti unudaraq razılığa gəlmək, əl-ələ tutmaq, birlikdə dinc yaşamaqdır”.

Günay Əfəndiyeva çıxışında rəhbəri olduğu təşkilatın türk xalqlarının qədim tarixini, mədəniyyətini, ənənələrini, dəyərlərini təbliğ etməyə hər zaman hazır olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk dünyasının zəngin dəyərlərini simvolizə edən Novruzla bağlı təşkil olunan tədbiri yüksək qiymətləndirərək, bildirib ki, Novruz xalqın, millətin yeni mərhələyə qədəm qoyduğu bayramdır. Novruzun BMT tərəfindən rəsmi beynəlxalq bayram elan edildiyini (2010-cu il) diqqətə çatdıran nazir müavini vurğulayıb ki, bu, Azərbaycanın bizim ənənəvi dost, tərəfdaş olan ölkələrin, yaxın qonşularımızın birgə nailiyyətidir: “Novruzun böyük mədəni və mənəvi mənası, qüvvəsi, mesajı vardır. Novruz ölkələri, xalqları, millətləri, cəmiyyətləri birləşdirən bir amildir. Novruz mədəni diplomatiyanın artıq bir ölçüsüdür, bir aspektidir. Artıq ikinci ildir ki, Azərbaycanın uzun illər ərzində işğal altında olan torpaqları azad olunmuşdur. Bizim Novruz tonqalları Şuşada, Cıdır düzündə qalanacaq. Məşhur yallı rəqsi və digər milli mahnılarımız, ənənələr Şuşada, Füzulidə, Ağdamda, Cəbrayılda nümayiş olunacaqdır” .

Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliev, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafhanov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi və Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas Türk dünyasının qədim bayramı olan Novruzla bağlı fikirlərini bölüşərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu türk xalqlarının qədim adət-ənənələrinin yaşadılmasında rolunu xüsusi qeyd ediblər.

Tədbirdə türk xalqlarının milli mətbəx nümunələrindən ibarət masalar qurulub. Fonda üzv və müşahidəçi ölkələrin çoxəsrlik mədəniyyətini əks etdirən milli geyimlər nümayiş etdirilib.

Şənliyin sonunda qonaqların iştirakı ilə bayramın rəmzlərindən sayılan yumurta döyüşü keçirilib və Novruz tonqalı yandırılıb.