Azərbaycanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin təşəbbüsü və Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanında daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və dəstəyi ilə qurumun mənzil-qərargahında Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Tədbirdə müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, qurumun işçiləri, bu ölkələrin diaspora üzvləri iştirak ediblər.

Mərasimdə təşkilat komitəsinin rəhbəri qismində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev çıxış edərək, Novruz bayramı, onun mənəvi əhəmiyyətindən, 12 ölkənin hər birində Novruz ənənələrinin qorunub saxlanılmasından söz açıb. Novruzun xalqımızın milli adət-ənənələrini yaşatdığını diqqətə çatdırıb.

UNESCO Baş Konfransının prezidenti, səfir Santiaqo İrazabal Mourao Azərbaycan nümayəndəliyinə tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib, hələ də pandemiyadan bərpa olmağa çalışan bugünkü dünyamızda Novruzun necə gözəl və əhəmiyyətli mesaj verdiyini, keçmiş və gələcək arasında bir körpü rolunu oynadığını qeyd edərək, mədəniyyətin gücünün zəruriliyinə toxunub.

UNESCO Baş direktorunun müavini Şinq Qu 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Novruz bayramının məziyyətlərinə toxunub, onun müxtəlif xalqları birləşdirməsindən, sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirməsindən, nəsildə-nəslə ötürülən milli mənsubiyyət, kimlik nümunəsi olmasından danışıb.

Tədibrə qatılan UNESCO-nun Baş direktoru Odri Azule hər kəsi Novruz bayramı münasibətilə təbrik edib. O, dünyanın müxtəlif yerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq, bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması, ailələrimiz və dostlarımız ilə görüşlər, ümid rəmzi olduğunu bildirib. Baş direktor ölkələrin hazırladıqları bayram süfrələrinə yaxınlaşaraq, bu ölkələrin Novruz xonçası, milli mətbəx nümunələri ilə tanış olub.

Tədbirin bədii hissəsindən sonra, Azərbaycan, Əfqanıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın musiqiçiləri milli musiqi və rəqs nümunələri təqdim edib. Fransada yaşayan musiqiçi Səddam Novruzbəyov balabanda milli musiqilərimizi ifa edib. Ud və nağaranın da müşayiəti ilə “Sarı gəlin”, “Bahar qızı”, “Heyvagülü” kimi musiqi parçaları səsləndirilib.

Tədbir 12 ölkənin milli təamlarının təqdim edildiyi ziyafətlə başa çatıb.

Qeyd edək ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbindən UNESCO-da Novruz tədbirləri keçirilməmişdi və bu il Azərbaycanın təşəbbüsü ilə yenidən təşkil olunub.