Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların ailələri ilə görüşüblər.

Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Bayram tədbirlərində çıxış edənlər qədim dövrlərdə yaranan, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən, onun qorunaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.