Azərbaycanın Fransadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının dəstəyi və “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı elmi konfrans keçirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Türk xalqlarının etnoqrafiyası" şöbəsinin müdiri, professor Güllü Yoloğlu çıxış edərək xalqımızın milli adət-ənənələrini ehtiva edən Novruz bayramı haqqında məlumat verib. Alim Novruzun tarixi, yaranma səbəbləri, cəmrə və çərşənbələr, Türk xalqlarının bahar bayramları ilə oxşarlığı mövzularından bəhs edib. Novruz bayramında tonqal yandırmaq adətinə toxunan tədqiqatçı tonqalın şamanizmdən gələn saflaşdırıcı, şəfa verici, xəstəyə sağalmaq eşqi, ümidsizlərə ümidverici, insanlara inamla yaşamaq həvəsi verən xüsusiyyətlərindən bəhs edib, bu bayramın sülh və barış bayramı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu Fransada Novruz bayramı ilə əlaqədar keçirilən ilk elmi konfransdır. Tədbirə tədqiqatçılar, jurnalistlər, Fransanın Lion, Strasburq, Qrenobl, Metz, Lil, Monpelye, eləcə də İsveçrənin müxtəlif şəhərlərindən gəlmiş azərbaycanlı icmasının nümayəndələri qatılıb.

Tədbir çərçivəsində Fransada fəaliyyət göstərən azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova və Sahib Əsədli, həmçinin Tulay Musanın Novruz mövzusuna həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.