Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun 2020-ci ilin Vətən müharibəsində azad edilmiş Suqovuşan qəsəbəsində olublar.

Prezident və birinci xanım qəsəbədə təmir-bərpa edilmiş fərdi evlə, həyata keçirilən infrastruktur layihələri ilə tanış olublar.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının açılışı olub. Həmçinin qəsəbədə yeni məscidin, turizm kompleksinin təməli qoyulub.

Prezident və birinci xanım Suqovuşanda Novruz bayramı tonqalını alovlandırıblar.

Dövlət başçısı Azərbaycan xalqını təbrik edib.

“İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, inşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca diyarımızın nə qədər gözəl, dağlarımız nə qədər əzəmətli olduğunu görürük: “Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar”.

Mənfur düşmənin işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etdiyini, bütün tarixi abidələrimizi dağıdıb təhqir etdiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları”.

Prezident qeyd edib ki, bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir: “Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”.

“Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”, – deyə dövlət başçısı vurğulayıb.