Azərbaycanla "Bir millətin iki diasporu olmaz" devizi ilə hərəkət edirik və bütün fəaliyyət sahələrimizdə qardaş ölkə ilə əməkdaslığımıza xüsusi önəm veririk.

Bu sözləri "Mədəniyyət" qəzetinə müsahibəsində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı – YTB) rəhbəri Abdullah Eren bildirib.

YTB başqanının fikrincə, xaricdəki Azərbaycan və Türkiyə icmaları əsasən eyni ölkələrdə məskunlaşdıqları üçün diasporlarımızın bəzi sosial məsələlərdə birgə fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Abdullah Erenle müsahibəni təqdim edirik.


– Cənab Eren, YTB bəzən Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrə dövlət təqaüdü verən bir təşkilat kimi tanınır. YTB-nin daha hansı sahələrdə fəaliyyətləri var?

– YTB Türkiyə xarici siyasəti çərçivəsində fəaliyyət göstərən çoxşaxəli bir qurumdur. Bizim xaricdəki türk diasporu ilə bağlı məsələlərlə yanaşı, ölkəmizdəki soydaş-qardaş cəmiyyətlər və ölkəmizdə təhsil alan xarici tələbələrlə bağlı əhatəli fəaliyyətlərimiz var. Çünki Türkiyə kimi bir dövlət keçmişdə geniş bir coğrafiyada yaxından əlaqəli olduğu, bir çox ortaq dəyərləri paylaşdığı toplumları, ölkələri və mədəniyyətləri görməzdən gələ bilməz. Hesab edirik ki, müasirlik və bərabərlik şərtləri altında soydaş cəmiyyətlərlə, əqrəba topluluqlarla münasibətlərimizi, mədəni əlaqələrimizi, mədəniyyətlər mübadiləsini davam etdirmək bütün tərəflər üçün faydalıdır. Türksoylu qardaşlarımızın icmalarına, təşkilatlarına “mədəni diaspor” və ya “könül coğrafiyası” adını verməklə onlara hörmətimizi və öz vətəndaşlarımız qədər dəyərli hesab etdiyimizi bildiririk. Əksəriyyəti qohum və qardaş ölkələrdən gələn, Türkiyə təqaüdləri proqramı çərçivəsində ali məktəblərimizdə təhsil alan əcnəbi tələbələr bu əlaqələrin gücləndirilməsi məqsədinin bariz nümunəsidir.


– Azərbaycanla və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə nə kimi əməkdaşlığınız mövcuddur?

– Türkiyədə “qohum və ya qardaş toplumlar” dedikdə ağıla ilk gələn ölkə Azərbaycandır. Tariximizin və mədəniyyətimizin ortaqlıqlarının xatırlanması və yaşadılması istiqamətində həyata keçirdiyimiz tədbirlər YTB-nin işinin mühüm hissəsini təşkil edir. YTB iki ölkənin gənclərini təhsil, mədəniyyət və tarixi bilgilər baxımından bir-birinə yaxınlaşdıracaq bir çox fəaliyyətə imza atıb.

Diasporadan təhsilə, mediadan düşüncə tarixi araşdırmasına qədər hərtərəfli şəkildə inkişaf edən fəaliyyətlərə akademik və sosial baxımdan da görülən işlər daxildir. YTB tərəfindən yönləndirilən dövlət təqaüd proqramından azərbaycanlı tələbələr də geniş faydalanırlar və bununla onlar, özlərini fərdi karyeralarına hazırlamaqla yanaşı, həm də iki qardaş ölkənin əlaqələrinin genişlənməsində rol oynamış olurlar. Onlar məzun olduqdan sonra da müvafiq təşkilatlar vasitəsilə əməkdaşlığımızın, qardaşlığımızın daha da güclənməsinə xidmət göstərirlər.

Digər tərəfdən, biz, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsilə əməkdaşlıq müqaviləsinə uyğun olaraq, “Bir millətin iki diasporu olmaz!” devizi ilə hərəkət etməyə çalışırıq və aramızda sıx əlaqələr mövcuddur. Onu da deyim ki, Türkiyə vətəndaşları ilə Azərbaycan vətəndaşları xaricdə çox vaxt eyni ölkələrdə məskunlaşdıqları üçün biz həmin ölkələrdəki diasporlarımızın bəzi sosial məsələlərdə birgə fəaliyyət göstərməsini arzulayırıq.


– Azərbaycandan nə qədər tələbə YTB təqaüdlərindən faydalanır? II Qarabağ müharibəsində şəhid və qazi olanların övladlarının da YTB təqadündən yararlanmasına xüsusi dəstək verəcəyinizi demişdiniz. Bu istiqamətdə nə kimi yeniliklər var?

– Təhsil sahəsində əməkdaşlığa ən çox önəm verdiyimiz ölkə Azərbaycandır. Bu baxımdan qardaş Azərbaycan üçün güclü ixtisaslı kadrların hazırlanmasına töhfə verə biliriksə, bundan çox qürur duyuruq. Mən gələcəyimiz olan gənclərin təhsil prosesində bir-birini daha yaxşı tanıyacağı və daha da yaxınlaşacağı, dostlaşacağı düşüncəsindəyəm. İndiyədək Türkiyə təqaüdləri çərçivəsində 6 minə yaxın azərbaycanlı gənc Türkiyə universitetlərində müxtəlif səviyyələrdə və şöbələrdə təhsil alıb. Amma bizim universitetlərdə Türkiyə təqaüdləri ilə təhsil alan azərbaycanlı tələbələrin sayının daha da artmasını ürəkdən arzulayırıq.

Qarabağ zəfəri uğrunda şəhid və qazi olanların da övladlarına, onlara söz verdiyimiz kimi, dəstəyimiz davam edir. Qarabağ zəfəri ədalətin bərqərar olması, Azərbaycanın haqq mücadiləsinin zəfəridir və Türk dünyasının bir qanayan yarasını sağaltdı. Ona görə də bu qələbə bütün türk dünyasının qürurudur, fəxridir. Savaş müddətində Gəncədə günahsız dinc insanların şəhid olmasından sonra YTB-nin nümayəndə heyətilə birgə Azərbaycandakı qardaşlarımızın ziyarətinə getdik, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, dostum Fuad Muradovla bir araya gələrək, diasporlarımız çərçivəsində o insanlara verəcəyimiz dəstəyi müzakirə etdik.

Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin “Bir millət, iki dövlət” şüarına yaraşan şəkildə nümayiş etdirdikləri bərabərlik və düzgün siyasət çərçivəsində bizlər də bütün gücümüzlə Azərbaycanın yanındayıq və sonsuzadək bunun belə olacağına inanıram. Biz Qarabağ zəfəri uğrunda şəhid və qazi övladlarının təhsili üçün də hər cür şərait yaratmağa çalışırıq.


– Türkiyə ilə Azərbaycan arasında yaradılmış Ortaq Media Platformasını, media sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Məlumdur ki, medianın hər sahəyə təsiri gündən-günə artır. Xüsusilə rəqəmsal media həyatımızda çox mühüm yer tutur. Doğru, düzgün məlumatın xalq kütləsinə effektiv şəkildə çatdırılması son dərəcə strateji məsələyə çevrilib. Aparılan araşdırmalara görə, sosial mediada bir yanlış məlumatın yayılma sürəti, dorğu xəbərin yayılmasından 6 dəfə çoxdur. Biz də media sahəsində gerçəkləşdirdiyimiz təlimlərlə və digər dəstəklərlə həm Azərbaycanın, həm də bütün Türk dünyasının yanında olmağa çalışırıq. Yeri gəlmişkən, YTB-nin təqaüdləri çərçivəsində Azərbaycandan və bütün Türk dünyasından media üzrə təhsil alan çoxlu gənclər var.

Bir məsələni də vurğulayım ki, qardaş ölkələrimiz dünyada və ya regionda baş verənləri başqa mənbələrdən almaqla kifayətlənməməli, özümüzə sağlam, düzgün məlumat mənbəyi yaratmalıyıq. Mən Türkiyə mediasının bu sahədə yaxşı səviyyəyə çatdığını düşünürəm. 44 günlük Qarabağ savaşında da Azərbaycanla Türkiyə xalqının birliyi, mediamızın baş verənləri anında və dəqiqliklə dünya ictimaiyyəti ilə bölüşməsi dünyaya örnək olacaq bir nümunədir.


– Digər türkdilli dövlətlərlə də,Türkiyə və Azərbaycan arasında olduğu kimi, yüksək səviyyəli əlaqələrin yaradılması üçün hansı addımlar atılmalıdır?

– Həqiqətən bu məsələdə Azərbaycanla Türkiyə çox gözəl örnəkdir. Türk dövlətlərinin hər şeydən öncə mənəvi baxımdan bir-birilərini yaxından tanımaları çox önəmlidir. Humanitar əlaqələr genişlənməlidir. Həm bir-birimizi daha yaxından tanımağa, həm də əlaqələrimizi daha da inkişaf etdirməyə şərait yaradacaq sahə isə, şübhəsiz ki, təhsil sahəsidir. Türk dövlətləri arasında tələbə, təhsil mübadiləsi daha da sürətlənməli və intensivləşməlidir. Bu halda iqtisadiyyat, mədəniyyət, turizm və s. sahələrdəki əlaqələrimizdə mühüm irəliləyişlər ola bilər.

Mehparə Sultanova