Novruz bayramı Gürcüstanın paytaxtı Tbilisidə də təntənə ilə qeyd olunub. Bayram münasibətilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində tədbir keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, Tbilisi Şəhər Şurasının üzvləri, şəhər meriyasının nümayəndələri, azərbaycanlı ziyalılar və gənclər iştirak ediblər.

Mərkəzin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq, iştirakçıları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, Tbilisi şəhərinin rəhbər şəxslərinin bu tədbirdə iştirakı Azərbaycan və gürcü xalqlarının dostluğuna yüksək qiymət və hörmətin göstəricisidir.

Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze Novruz bayramı şənliyində iştirak etməkdən qürur duyduğunu deyib. Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Hazırda çox çətin dövr yaşanır. Son illər ərzində dünya pandemiya və müharibə kimi bir sıra ciddi problemlərlə üzləşib. Lakin bütün bunlar bizim dostluğumuza və sevgimizə mənfi təsir göstərə bilməz.

Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafından söz açaraq, bu xüsusda M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib.

Səfirliyin əməkdaşı Anar Rəsulov soydaşlarımızı səfir Faiq Quliyevin adından Novruz bayramı münasibətilə təbrik edib. O, xalqımızın Novruz bayramına verdiyi böyük dəyərdən danışıb, minilliklər ərzində bu bayramı sevə-sevə yaşatdığını bildirib.

A.Rəsulov Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr olunan tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

Bayram tədbiri rəqs nömrələri və mahnılarla davam etdirilib. İştirakçılar Novruz şirniyyatları və çay süfrəsinə qonaq edilib.