Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsinin növbəti konserti təqdim olunub.
"Muğam axşamları"nın budəfəki proqramında BMM-in solistləri – Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva "Şur" muğamını və “Qarabağ şikəstəsi”ni təqdim ediblər. Solistləri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rəfael Əsgərov, udda Vasif Yusipli, nağarada Vüsal Bayramov müşayiət ediblər.
"Muğam axşamları" konsertləri BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq nəticəsində radio dinləyicilərinə, eyni zamanda, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən lentə alınaraq muğamsevərlərə təqdim olunur.
2017-ci ildən həyata keçirilən layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Layihənin növbəti konserti aprelin 17-də təqdim olunacaq. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.