Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün təbiətin oyanışını müjdələyən, bolluq, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə şənlik keçirilib.

Muzeydən bildirilib ki, bayram tədbirində muzeyin Uşaq birliyinin və Musiqili teatr dərnəyi üzvlərinin ifasında “Tıq-tıq xanımın sərgüzəştləri” səhnəciyi, “Arşın mal alan” tamaşasından parça göstərilib. Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdləri “Bir bahar günü” adlı tamaşa və konsert proqramı ilə çıxış ediblər. Müasir Rəqs Akademiyasının tələbələri bir-birindən maraqlı rəqslər ifa ediblər.

Novruz şənliyində muzeyin Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” və “Art kukla” tədris proqramlarının yekun təqdimatı olub. Uşaq şöbəsinin dərnək üzvləri tərəfindən kiçik xanada qobelen texnikasında toxunmuş Qarabağın “Bağçada güllər” xalçasının təqdimatı keçirilib.

Gün ərzində balaca dostlar üçün maraqlı ustad dərsləri, Novruz şənliyinin sonunda isə diskoteka təşkil edilib.