Dövlətləri dövlət, millətləri millət edən dəyərləri vardır ki, bu dəyərlərdən biri də Türk dünyasında yazın gəlişini əlamətləndirən Novruz bayramıdır.
Bu sözləri martın 22-də Ankara Keçiören Bələdiyyəsi və Ankara Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Novruz şənliyində bələdiyyə başqanı Turqut Altınok söyləyib.
Bələdiyyə başqanı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü ehtiramla yad edərək deyib ki, hələ Cümhuriyyətin qurulmasından öncə, 1922-ci ildə Atatürk Ankara Universitetində Novruz şənliyinin keçirilməsilə bağlı təlimat verib.
Universitetin rektoru, professor Necdet Ünüvar bildirib ki, tam bir əsr öncə Ankarada Novruzun türklük bayramı olaraq təntənə ilə qeyd edilməsində Atatürkün rolunun olmasından qürur duyur.
Rektor Novruzu “yenidən canlanma” adlandıraraq bildirib ki, İraqda, Suriyada və ən sonda Ukraynada yaşanan hadisələr insanlığın Novruzun ruhuna nə qədər ehtiyac olduğunu bir daha göstərir.
Mərasimdə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Türk dünyasının birliyinin, bərabərləyinin daimi olmasını arzu edib.
Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, millət vəkili Sadir Durmaz, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Bosniya və Herseqovina, Kosova, Şimali Kipr, Şimali Makedoniya və Moldovanın Türkiyədəki səfirləri və diplomatik nümayəndələri çıxışlarında min illər öncə türklərin Egey dənizindən Çin səddinə, Altay dağlarınadək qeyd etdiyi bu bayramın ənənələrindən, qədim köklərindən bəhs ediblər.
Çıxışlardan sonra bu ölkələrin milli musiqiləri, rəqsləri, Novruz ayinləri nümayiş olunub. Qonaqlar iştirakçı ölkələrin Novruz bayramı münasibətilə təqdim etdikləri guşələrlə tanış olublar.
Mehparə Sultanova