“Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin açılışı martın 30-da keçiriləcək


Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Türkiyədə silsilə Novruz mərasimləri keçirilib.

“Türk dünyasının yeni gün görüşməsi – Novruz 2022” şüarı ilə gerçəkləşən mərasimlərin açılışı Ankara şəhərində olub. Mərasimə Türk dünyasının 15 ölkəsini təmsil edən 350 nəfərlik sənətçi heyəti qatılıb.

Ankara Musiqi və Gözəl Sənətlər Universitetində, Keçiören Bələdiyyəsində və Türkiyə Prezident Adminstrasiyası Simfonik Orkestrinin salonunda rəngarəng konsertlər təşkil edilib.

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin salonunda TÜRKSOY-un Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə möhtəşəm bayram proqramı təqdim olunub. Azərbaycanı konsertdə muğam və rəqs qrupları ilə təmsil edib. Səhnənin böyük ekranında bütün proqramların musiqi ritminə uyğun görüntülər nümayiş olunub.

Novruz bayramı proqramları TÜRKSOY-un Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Türkiyənin Bursa şəhərində davam etdiriləcək.

Martın 30-da “Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin təntənəli açılış mərasimi və Novruz şənliyi keçiriləcək.

Martın 31-də isə Bursada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Mehparə Sultanova