Regional mədəniyyət idarələrinin əhatə etdiyi mədəniyyət müəssisələrində Novruz bayramı münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub.

Gəncə RMİ Gəncə şəhər Urban Mərkəzində Novruz bayramı münasibətilə növbəti “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib. Sərgidə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, “Cavad xan” Tarix-Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi Elçin Elçiyev və digər qonaqlar iştirak ediblər.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində Mingəçevir Dövlət Dram Teatrının təqdimatında “Sehrli xonça” tamaşası nümayiş etdirilib. Teatra yeni baş rejissor təyin olunmuş Vüsal Mehrəliyevin hazırladığı, Novruz adət-ənənələrini özündə əks etdirən tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

***

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Novruz adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Sonra Mədəniyyət Mərkəzinin zalında bədii hissə tamaşaçılara təqdim olunub. Bahar qızı, Kosa və Keçəlin çıxışı, bir-birindən maraqlı rəqslər, kompozisiyalar, şən mahnılar tədbir iştirakçılarında bayram əhval-ruhiyyəsi yaradıb.

***

Şəki RMİ Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidi Elnur İsmayılovun ailəsini ziyarət edib, onlara bayram sovqatı təqdim ediblər.

***

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və “Ümidim sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində “Vətənin yaz müjdəçiləri” adlı tədbir keçirilib. Novruz münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən Masallı RMİ-nin məsləhətçisi Salman Yunusov bildirib ki, Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri, döyüşlərdə yaralananlar daim dövlətin diqqət mərkəzindədir, onlara mütəmadi olaraq maddi və mənəvi dəstək göstərilir. Tədbirin sonunda mart ayında doğulmuş şəhidlərin valideynləri və qazilərə təşəkkürnamə, şəhid övladlarına isə hədiyyələr təqdim edilib.

***

Sumqayıt RMİ-nin kollektivi tərəfindən Novruz bayramı münasibətilə II Qarabağ müharibəsi şəhidlərinin və qazilərin ailələri ziyarət olunub. İdarə rəisi Rəşad Əliyev bayram münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizin ailələrinə, səbir diləyib, qazilərə cansağlığı arzulayıb.

***

Kürdəmir RMİ Kürdəmir rayon Mədəniyyət Mərkəzi və rayon Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə N saylı hərbi hissədə “Bahar bayramınız mübarək, əsgər!” adlı Novruz şənliyi keçirilib. Tədbirdə məktəbin müəllimlərindən ibarət instrumental ansambl bayram əhval-ruhiyyəli mahnılarla çıxış edib.

İmişli rayon Mədəniyyət Mərkəzində keçirilən “Təbiətin ulu neməti Novruz” adlı tədbirdə isə bayrama həsr olunmuş səhnələr, xalq oyunları, nümayiş etdirilib, rayonun incəsənət ustalarının ifasında musiqilər səsləndirilib. Kosa və Keçəlin maraqlı çıxışları, Bahar qızının bayram təbriki tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Ağcabədi rayonunda ümumrayon şənliyi keçirilib. Tədbirdə Ağcəbədi RMİ-nin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin musiqili ansamblı Novruzu tərənnüm edən musiqilər səsləndirib. Kosa və Keçəlin gəlişi, onların təbrikləri, folklor qruplarının rəngarəng çıxışları tamaşaçıların könlünü oxşayıb.

***

Şəmkir RMİ Göygöl rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin işçiləri, rayon ziyalıları, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Ağstafa RMİ Ağstafa şəhər Uşaq musiqi məktəbinin müəllimlərdən ibarət ansamblının üzvləri Novruz bayramı münasibətilə rayon ərazisindəki N saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər.

Nurəddin