Mədəniyyət Nazirliyinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə keçirilən muğam müsabiqəsinin yekun konserti gerçəkləşib.

“Nizami ili” münasibətilə ötən ilin noyabr ayından keçirilən müsabiqənin layihə rəhbəri Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, bədii rəhbəri isə Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyevdir.

İfaçıları Xalq artistləri Şahnaz Haşımova, Fikrət Verdiyev, Adil Bayramov, Əməkdar artist, tarzən Mahir Məmmədov, xanəndələr Vaqif və Şahin Mirzəyev qardaşları və Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin direktoru Təvəkgül Hüseynlidən ibarət münsiflər heyəti qiymətləndirib.

Konsertdə idarə rəisi Vasif Cənnətov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə və Naftalan şəhər icra hakimiyyətlərinin əməkdaşları, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və digər qonaqlar iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Vasif Cənnətov qeyd edib ki, regional idarənin əhatə etdiyi şəhər və rayonların mədəniyyət müəssisələrində “Nizami ili” ilə əlaqədar 120-dən çox tədbir keçirilib. Bu tədbirlərdən biri də Gəncədə ilk dəfə təşkil olunan muğam müsabiqəsidir.

Sonra müsabiqənin yekun konserti təqdim olunub. Konsertin sonunda qaliblərin adları elan edilib. Tunar Salahov müsabiqənin b aş mükafatına layiq görülüb. Əli Hüseynov və Abbas Mənsimov I, Altun Mirzəyev və Səlim Əliyev II, Elgün Əlbəndov və Vasif Əliyev isə III yerləri tutublar.

Nurəddin