Məşhur İsveç yazıçısı, uşaqlar üçün maraqlı əsərlərin müəllifi Astrid Lindqrenin (1907-2002) xatirəsinə həsr edilmiş beynəlxalq mükafatın 2022-ci il üzrə qalibi elan olunub.

Uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən mükafata bu il isveçli yazıçı və rəssam-illüstrator Yeva Lindström layiq görülüb. O, 20 yaşlı mükafat üçün 71 ölkədən 262 namizəd arasından seçilərək laureat olub.

Yeva Lindström 1952-ci ildə İsveçin Vesteros şəhərində anadan olub. 1969-1974-cü illərdə paytaxt Stokholmda Konstfak Rəssamlıq Kollecində rəngkarlıq ixtisası üzrə təhsil alıb. Karyerasına 1980-ci illərdə rəssam-multiplikator kimi başlayıb. Onun “Katmössan” ("Pişik şlyapası", 1988) adlı birinci kitabına illüstrasiyaları da özü çəkib. Y.Lindströmün diqqətçəkən yumoristik üslubu həm mətnlərində, həm də rəsmlərində hiss olunur.

Qeyd edək ki, İsveç hökuməti Astrid Lindqren mükafatını 2002-ci ildə – yazıçının vəfatından (28 yanvar) sonra təsis edib. Bu mükafata iddia edən yazıçı və illüstratorların əsərləri Astrid Lindqrenin ruhunu əks etdirməlidir. Mükafat fondu 5 milyon İsveç kronuna bərabərdir. Bu, uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərə görə verilən ən böyük (miqdarına görə) mükafatdır.

Xatırladaq ki, 2021-ci ildə Astrid Lindqren mükafatının laureatı fransız müəllif Jan-Klod Murleva olmuşdu.