Mədəniyyət Nazirliyinin dəstəyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və “Debüt” Film Studiyasının birgə təşkilatçılığı ilə “İnteract Film Lab” adlı yeni layihəyə başlanılır.

Altıaylıq tədris proqramını əhatə edən layihədə kinematoqrafiyanın müxtəlif istiqamətləri – rejissorluq, ssenari yaradıcılığı, prodüserlik, təsvir rejissorluğu və quruluşçu rəssamlıq ixtisasları üzrə aparıcı xarici mütəxəssislər tərəfindən intensiv təlimlər keçiriləcək.

Tədris laboratoriyası funksiyasını həyata keçirəcək “İnteract Film Lab” layihəsinin məqsədi yerli kino sənayesində insan kapitalının artırılmasına töhfə verməkdir.

Ssenari yaradıcılığı və rejissorluq ixtisası üzrə “Netflix” istehsalı “Anna K” serialının rejissoru və Venesiya Film Festivalının əsas müsabiqəsində “Kapitan Volkonoqov qaçdı” filmi ilə iştirak edən Nataşa Merkulova və həmin ekran işlərinin rejissor və ssenari həmmüəllifi Aleksey Çupov öz tədris proqramları ilə çıxış edəcəklər.

Venesiya (“Təqribən yazdır”) və Kann kinofestivallarında (“Axşama doğru”, “Kalendar”) iştirak etmiş Yevgeni Rodin təsvir rejissoru ixtisasını nəzəri və praktiki şəkildə tədris edəcək.

Quruluşçu rəssamlıq ixtisası üzrə yerli istehsal “Həyat, deyəsən, gözəldir” filminin quruluşçu rəssamı, o cümlədən Berlin (“Susa”) və Lokarno film festivallarının (“Ata”) iştirakçısı olmuş rəssam Quram Navrozaşvili, Nyu-York Film Akademiyasında icraçı prodüser ixtisası üzrə akademik təhsil almış, eyni zamanda Ukrayna Film Məktəbinin sabiq icraçı direktoru Valeriya Lebid də peşəkarlar sırasında olacaq.

Layihədə iştirak müsabiqə əsasında keçirilir və ödənişsizdir. Layihə ilə bağlı ətraflı məlumat və müsabiqəyə qoşulmaq üçün debutfilms.az veb-saytında müraciət formasını doldurmaq mümkündür. İştirak etmək istəyənlər aprelin 5-dək qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, 2020-2021-ci illərdə Mədəniyyət Nazirliyinin dəstəyi və “Debüt” Film Studiyasının təşkilatçılığı ilə “İnteract Lab” tədris layihəsi çərçivəsində “İnteract Online” proqramı həyata keçirilib. Elektron platforma gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn master-klaslar və vorkşoplar vasitəsilə məlumat mübadiləsi imkanını təklif edib.

Lalə Azəri