Martın 31-də “Dubay Expo-2020” sərgisi başa çatacaq. Pandemiya səbəbindən bir il ertələnən və 2021-ci il oktyabrın 1-də açılan dünya sərgisinə 190-dan çox ölkə qatılıb. Azərbaycan “Dubay Expo-2020”də Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzulu milli pavilyonla təmsil olunub.

Bu arada Yaponiyanın Osaka şəhərində keçiriləcək “Expo-2025” sərgisinə hazırlıq başlanıb. Təşkilat komitəsi martın 22-də beynəlxalq tədbirin rəmzini ictimaiyyətə təqdim edib. “Expo-2025”in siması sudan əmələ gələn qeyri-adi varlıq şəklində təsvir edilib.

Təşkilat komitəsindən bildiriblər ki, rəmzin bu variantda dizaynı çoxsaylı namizədlər arasından səsvermə yolu ilə seçilib. “Ümid edirik ki, bu personaj “Osaka Expo”nun rəmzi olaraq dünya tərəfindən qəbul edilərək seviləcək”, - deyə təşkilatçıların yaydığı məlumatda qeyd edilir.

Xatırladaq ki, Expo – dünya universal sərgiləri 1851-ci ildən təşkil olunur və yeni nailiyyətləri və texnologiyaları təqdim etmək üçün ən böyük platforma hesab edilir. Ötən dövrdə müxtəlif aralıqlarla keçirilən Expo Dünya Sərgisi XXI əsrdə beş ildən bir təşkil edilir. Dubaydan öncə “Expo-2015”ə Milan (İtaliya) ev sahibliyi etmişdi. 2025-ci ildə isə bu beynəlxalq tədbiri Yaponiyanın Osaka şəhəri qəbul edəcək.

Xanım Rəsul