27 mart Dünya Teatr Günüdür (World Theatre Day). Bu gün 1961-ci ildə UNESCO nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart – Dünya Teatr Günündə paytaxtdakı teatrlarda “açıq qapı” aksiyası keçiriləcək.

"Teatrda bir gün" adlı layihə saat 11:00-dan 17:00-a qədər davam edəcək.

“Açıq qapı” aksiyası Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək. Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olacaq, könüllülərin köməyi ilə teatrlara daha yaxından bələd olacaq və günün sonunda tamaşa izləyə biləcəklər.

Avtobuslar saat 11:00-dan 18:00-dək metronun “28 May” stansiyası qarşısında duracaq və təyin olunmuş marşrut üzrə hərəkət edərək tamaşaçıları teatrlara pulsuz aparacaqlar. 19:00-da isə tamaşaçılar cədvəldə qeyd olunan tamaşaları pulsuz izləyə biləcəklər.