Masallı Regional Mədəniyyət İdarəsi RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin könüllüləri üçün "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda mühazirə oxunub. Tədbirdə mühazirə ilə çıxış edən mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə ulu öndərin mənalı ömür yolundan, dövlətçilik fəaliyyətindən danışıb.

***

Şəki RMİ-nin əhatə etdiyi Zaqatala rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrında “Göyçək Fatma” nağıl-tamaşası təqdim edilib. Tamaşanı Birinci Qarabağ və Vətən müharibəsi şəhid və qazilərinin övladları izləyiblər. Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşanın ssenari müəllifi Nazən Şəkərova, musiqi tərtibatçısı Kənan Şəkərovdur. Rolları Bayram Qurbanov, Nazən Şəkərova, Şahin İsayev, Dina Matıyeva və Kənan Şəkərov ifa ediblər.

***

Lənkəran RMİ, Lənkəran Destinasiya Menecmenti Təşkilatı və "Lankaran Springs Wellness Resort" hotelinin birgə təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik sənətkarlarının həsirçilik, miniatür xalçaçılıq, toxuculuq, keramika, taxta üzərində oyma və s. əl işlərindən ibarət satış-sərgi keçirilib.

Lənkəran şəhərindəki N saylı hərbi hissədə Novruz şənliyi keçirilib. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov, şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirak etdiyi tədbirdə incəsənət ustaları vətənpərvərlik ruhlu mahnılar səsləndiriblər.

***

Ağcabədi RMİ Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq musiqi məktəbinin xanəndəlik sinfində təhsil alan İsmayıl Hacıyev "Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində "Salam, Şuşa!" adlı tədbirdə uğurlu iştirakına görə diplomla təltif edilib.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Yenikənd Folklor evi də N saylı hərbi hissədə Novruz münasibətilə bayram şənliyi təşkil edib.

***

Bərdə RMİ Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Bahar bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidləri Emin Kazımov və Emin Rüstəmovun ailələrini ziyarət edib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbi Fortepiano şöbəsinin şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak ediblər. II sinif şagirdləri Esma Soylu birinci, Dərya Səmədli ikinci dərəcəli laureat adlarını qazanaraq diplomla təltif olunublar. Şagirdləri müsabiqəyə müəllimləri İradə Qədirli hazırlayıb.

Regional idarənin əhatə etdiyi Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə 7-ci sinif şagirdi Nuray Allahverdiyeva isə ABŞ-da onlayn keçirilən beynəlxalq “US virtual piano” müsabiqəsində öz yaş kateqoriyasında II yerə layiq görülüb. Şagirdi müsabiqəyə ixtisas müəllimi Yasəmən Bəşirova hazırlayıb.

Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu, Fatmayı kənd Diyarşünaslıq klubu və Ceyranbatan qəsəbə Folklor evinin əməkdaşları Novruz bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidi Ceyhun Useynovun ailəsini ziyarət ediblər.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “Gələcəyimizi birlikdə düşünək” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edənlər əsrin bəlasına çevrilən narkomaniyanın bəşəriyyəti narahat edən ən ciddi problemlərdən olduğunu söyləyiblər. Çıxışlardan sonra “Ağ ölüm” adlı film nümayiş etdirilib.

Nurəddin