Niderlandın Haaqa şəhərində “Şuşa İli”nə həsr edilmiş konsert keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən konsertdən öncə 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyi və bu şəhərin ölkəmizin mədəniyyət paytaxtı olduğu diqqətə çatdırılıb. Sonra Şuşa haqqında film nümayiş etdirilib və şəhərin tarixi barədə məlumat verilib.

“Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının sədri Firəngiz Bağırova bildirib ki, Qarabağ bölgəsi, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Konsertin məqsədi dinləyiciləri virtual olaraq Şuşa ilə tanış etməkdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin “Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil” fikri də səsləndirilib.

Sonra Cavid Səlimov (tar), Elcan Rzayev (piano-vokal), Firəngiz Bağırova (vokal), Azərbaycanın Əməkdar artisti, kamança ifaçısı Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Cabir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnılarımızı ifa ediblər.

Konsertin dinləyiciləri arasında Azərbaycanın Niderlanddakı Səfirliyinin, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) əməkdaşları, diasporumuzun üzvləri, yerli ictimaiyyətin nümayəndələri olublar.