Kann Beynəlxalq Film Festivalına ilk dəfə qadın rəhbərlik edəcək. Festival təşkilatçılarının yaydığı məlumata görə, Ayris Knoblox (İris Knobloch) dünyanın bu ən nüfuzlu kino müsabiqəsinin prezidenti təyin edilib.

O, 2022-ci il 1 iyul tarixində vəzifəsinin icrasına başlayacaq və 3 il müddətində bu postu tutacaq. Ayris Knoblox səkkiz ildir bu vəzifədə olan Pyer Leskürü (Pierre Lescure) əvəz edəcək.

Ayris Knoblox 2020-ci ilədək “Warner Bros” kino şirkətinin (ABŞ) Fransadakı fəaliyyətinə rəhbərlik edib, eyni zamanda Almaniya, Avstriya və İsveçrədəki layihələrin kuratoru olub. 2021-ci ildə Fransada “Oskar” komitəsinin üzvü olub.

“Kann Film Festivalının prezidenti postunun mənə etibar edilməsi Fransa tərəfindən mənə göstərilən böyük şərəfdir. Xoşbəxtəm ki, bütün enerjimi bu dünya miqyaslı festivala sərf edə biləcəyəm”, – deyə Ayris Knoblox bildirib.

Qeyd edək ki, sayca 75-ci Kann Beynəlxalq Film Festivalı 2022-ci ilin 17-28 may tarixində keçirilməlidir. 1946-cı ildə əsası qoyulan Kann kinofestivalı indiyədək bir dəfə, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən keçirilməyib.

Vəfa Kamal