“İçərişəhər Art Tower Gallery”də Novruz bayramına həsr olunan "Classical music Bahar" adlı konsert keçirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və “Art Council Azerbaijan”ın təşkil etdiyi konsertin tərtibatçısı Bakı Musiqi Akademiyasının (BMA) Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Gülnarə Acalova olub.

Konsertdə BMA-nın tələbələri, beynəlxalq və respublika müsabiqələri laureatları Zəhra Cahan Şıxaliyeva, Cəmalə Abdinzadə, Əzizə Ağazadə (piano),

Sənan Quluzadə (tar), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə (bariton) və başqaları çıxış ediblər.

Musiqi axşamında C.Verdinin “Lombardi” operasından Orontenin ariyası, Q.Qarayevin "Yeddi gözəl” baletindən Ayşənin rəqsi, Niyazinin "Arzu" romansı, K.Molçanovun "Vokaliz", T.Quliyevin "Sənə də qalmaz", Y.Sibeliusun "Prelüd", Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, V.Mustafazadənin "Mart", Y.Şatrovanın "Avantura", F.Əmirovun iki ekspromt, T.Quliyevin "Azərbaycan" və digər əsərlər səsləndirilib.

Bütün ifalar tamaşaçılarda xoş təəssürat yaradıb, alqışlarla qarşılanıb.