Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (MİM) direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli Macarıstanın paytaxtı Budapeştdə keçirilən ənənəvi “Bach Mindenkinek” (“Hər kəs üçün Bax”) festivalında fəxri qonaq kimi iştirak edib.

Bu il səkkizincisi keçirilən festivalın məqsədi böyük alman bəstəkarı Yohann Sebastyan Baxın (1685-1750) musiqisinin Budapeştdə və onun hüdudlarından kənarda daha çox insana çatdırılması, eləcə də mədəniyyətin və birliyin nümayiş etdirilməsidir.

Festivalın açılışında polislərin xor kollektivi, uşaq xoru və solistlər maraqlı proqramla çıxış ediblər.

Ə.Qarayusifli səfər çərçivəsində Bocskai İstvan İslahatlar Təhsili Mərkəzinin yeni korpusunun açılışına da qatılıb. Açılış tədbirində uşaq nəfəs alətləri orkestri çıxış edib. Ə.Qarayusifli MİM adından mərkəzə hədiyyə təqdim edib və təbriklərini çatdırıb.

MİM-in direktoru həmçinin yenidən bərpa edilmiş Macarıstan Dövlət Opera Teatrında olub, bu ölkənin müasir akustika və avadanlıqlardan ibarət Musiqi Mərkəzinin binasının açılışında da iştirak edib.